Prezident: "Apreldə gücümüzü tam göstərsəydik, daş-daş üstə qalmazdı"
Azərbaycan prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Azərbaycan Ordusunun aprel qələbələrinin ildönümü ilə əlaqədar bir qrup hərbçi ilə görüş keçirib.
Dövlət başçısı ötən ilin aprelində cəbhənin təmas xəttində baş vermiş döyüşlərdən 1 il keçdiyini deyib və bildirib ki, hərbi qələbənin ildönümü ərəfəsində Müdafiə Nazirliyinin rəhbərliyi və döyüşlərdə iştirak etmiş bir qrup hərbçi bu görüşdə iştirak edir. Sonra aprel döyüşlərində həlak olan hərbçilərin, mülki şəxslərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Prezident İlham Əliyev 1 il bundan əvvəl Ermənistanın növbəti dəfə silahlı təxribata əl atdığını, mövqelərimizə atəş açdığını, nəticədə şəhidlərimizin və yaralılarımızın olduğunu bildirib. Ermənistanın əvvəllər də bu cür təxribatlara əl atsa da, hər zaman layiqli cavablarını aldığını deyən dövlət başçısı aprel döyüşləri zamanı uğurlu əks-hücum əməliyyatı zamanı Azərbaycan ordusunun minlərlə hektar torpağı işğaldan azad etdiyini və hazırda on minlərlə hektar ərazinin nəzarət altında olduğunu, Füzuli, Cəbrayıl və Ağdərə rayonlarında Azərbaycan bayrağının dalğalandığını vurğulayıb.
“Aprel döyüşləri ordumuzun qüdrətini göstərdi. Azərbaycan Silahlı Qüvvələri strateji mövqelərə sahib oldu və bu gün bu mövqelər imkan verir ki, təmas xəttində mövcud olan vəziyyətə tam nəzarət edək” deyən prezident İlham Əliyev vurğulayıb ki, aprel döyüşləri Ermənistanın öz ordusu haqqında yaratdığı mifləri darmadağın edib. Digər tərəfdən aprel döyüşləri onların ideoloji əsaslarını dağıdıb və bu gün Ermənistan cəmiyyəti sarsıntı içərisindədir.
Aprel döyüşlərində şəhid olan hərbçilərimizin xalqımızın qəlbində daim yaşayacağını deyən dövlət başçısı İlham Əliyev yaralı hərbçilərlə görüşlərini xatırladıb, onların ağır vəziyyətdə olmalarına baxmayaraq, sağalıb cəbhə bölgəsinə getmək arzusunda olduqlarını bildirib.
Prezident İlham Əliyev vurğulayıb ki, ölkəmizdə ordu quruculuğu ilə bağlı mühüm tədbirlər görülüb. Ordumuzun maddi-texniki bazası və döyüş potensialı gücləndirilib. Bu gün Azərbaycan Silahlı Qüvvələri düşmənin istənilən strateji və hərbi obyektini məhv etməyə qadir silahlara malik olduğunu deyən dövlət başçısı bildirib ki, aprel döyüşləri zamanı Azərbaycan öz hərbi potensialının cüzi faizini nümayiş etdirib. Əks halda, daş-daş üstündə qalmazdı. Prezident Silahlı Qüvvələrin bütün şəxsi heyətinə yeni uğurlar və qələbələr arzulayıb.
Daha sonra müdafiə naziri, general-polkovnik Zakir Həsənov ordumuzun döyüş hazırlığı və maddi-texniki təchizatı barədə məruzə edib.
OXŞAR XƏBƏRLƏR
"Torqovı"da iaşə obyektləri YANDI - XƏSARƏT ALANLAR VAR
Abel Məhərrəmovun oğlu səfir vəzifəsindən geri çağırıldı
TƏCİLİ: Tərtərdəki dəhşətli hadisə ilə bağlı bir nəfər SAXLANILDI
Rusiyadan Ermənistana Azərbaycan üzərindən YÜK GÖNDƏRİLDİ
10 yeni stansiya tikiləcək – RƏSMİ AÇIQLAMA