Ermənilərin Mil-Muğan bölgəsində 99 il əvvəl törətdiyi vəhşiliklər: UNUDULMAYAN TARİX

1918-ci il mart-aprel qırğınları zamanı bolşevik-daşnak birləşmələri tərəfindən Cavad qəzasında (indiki Salyan-Neftçala rayonları ərazisində) dəhşətli qətllər törədilib. APA TV-nin məlumatına görə, düşmən birləşmələri Xəzər dənizindən Kürün deltasına girərək çayın Muğan və Şirvan tayında yerləşən Bankə, Xıllı, Tatarməhlə, Uzunbabalı, Kürqarabucaq, Ərəbbəbirxanlı və Kürqaraqaşlı kimi onlarla yaşayış məntəqələrini yandıraraq külə döndərib. Mənfur erməni-daşnak ünsürləri həmin kəndlərdə dinc əhaliyə divan tutaraq, onları diri-diri yandırıb, quyulara doldurub, qadınların kürəyinə qaynar samovar bağlayıb, körpələri süngüyə keçiriblər.

 

Ümumilikdə 18 kənddə 540-dan çox ev yandırılıb. Əhalinin mal-qarası, qızıl-zinət və digər əşyaları qarət edilib. Erməni quldur dəstələri yüzlərlə əliyalın, günahsız  insanları vəhşicəsinə qətlə yetirərək Kürqaraqaşlı kəndinə kimi gəlib çatıblar.


Ramazan paşanın 400 nəfərlik Türk İslam Ordusunun bir hissəsi düşməni Salyanın Kürqaraqaşlı kəndində qarşılayıb və “Demosfen” gəmisini vuraraq batırıb. Bundan sonra düşmən pərakəndə halda geri çəkilib. Türk əsgərləri onları sona kimi təqib ediblər. Bu qanlı qırğında 2 mindən çox dinc sakin qətlə yetirilib, türk ordusunun 14 əsgəri və Ömər paşa adlı generalı şəhid olub. Şəhid olmuş türk əsgərlərinin 11 nəfəri Neftçalanın Bankə kəndində, Ömər paşa da daxil olmaqla 4 nəfəri isə Salyanda dəfn olunub. Hər iki rayonda türk əsgərlərinin xatirəsinə abidə ucaldılıb.

Ermənilər digər bölgələrdə olduğu kimi 1918-ci ildə indiki Hacıqabul rayonu ərazisində, Nəvahi kəndində 955 yerli sakini öldürülüb. Onlardan 555-i kişi, 260-ı qadın, 140-ı uşaq olub. Qubalı-Baloğlan kəndində 250 kişi, 150 qadın və 135 uşaq qətlə yetirilib. Padar kəndində 80, Abdulabad kəndində 80, Meyniman kəndində 43, Rəncbər kəndində 137, Paşalıda 50 və Şorbaçıda 40 nəfər öldürülüb. Ermənilərin törətdiyi vəhşiliklərə daşnak ordusunun rəhbərlərindən biri olan Stepan Lalayan rəhbərlik edib.

Erməni daşnakları kənd sakinlərinin kürəklərinə isti samovarlar bağlayaraq onları qaçmağa məcbur ediblər. Məşhur seyid ailəsinin üzvləri olan gəlin və baldız 3 azyaşlı uşaqla birlikdə namuslarını qorumaq üçün özlərini kəndin nohuruna ataraq intihar ediblər.

Bu gün 31 mart qırğınlarında respublikamızın bütün bölgələrində olduğu kimi Neftçala, Salyan və Hacıqabulda da şəhid olmuş türk  əsgərlərinin xatirəsi yad edilib. Rayon ictimayyəti və insanlar türk əsgərlərinin qəbirlərini ziyarət edərək onların əziz xatirəsinə ucaldılan abidələrin önünə gül dəstələri qoyub, ürək sözlərini söyləyiblər.

Hacıqabul rayonununun Qubalı-Baloğlan kəndində 1918-ci ildə erməni-daşnak silahlı birləşmələrinə qarşı döyüşdə şəhid olan Qafqaz İslam Ordusunun 6 türk əsgəri ilə çiyin-çiyinə vuruşan 6 azərbaycanlı əsgər də şəhid olub. Rayonun Qubalı-Baloğlan kəndində  kənd sakinlərindən biri-qırğınların şahidi olmuş Hənifə Mövlayev adları bu gün də məlum olmayan şəhid əsgərləri öz həyətyanı sahəsində dəfn edib. Bir müddət əvvəl Türkiyənin Azərbaycandakı səfirliyinin maliyyə dəstəyi ilə qəbirlərin üzərində abidə ucaldılıb, şəhid olmuş 6 türk və 6 azərbaycanlı əsgərin məzarları abadlaşdırılaraq yenilənib. Bu gün Türkiyə Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Erkan Özoral, Hacıqabul rayon icra başçısı Əhməd Muxtarov və rayon ictimayyəti məzarüstü abidənin açılış mərasimində iştirak ediblər. Abidənin önündə Türkiyə və Azərbaycanın bayraqları qaldırılıb.

Müəllif | Apa.Tv
Əlibəy Zeynallı

OXŞAR XƏBƏRLƏR