"Övladları Murad Mirzəyevin şəhid olduğunu hələ də bilmir" - APREL DÖYÜŞLƏRİNİN QƏHRƏMANLARI

Yaşasaydı, bu gün 41 yaşı olacaqdı. 31 mart Azərbaycanın Milli Qəhramanı, aprel döyüşlərində şəhid olmuş Murad Mirzəyevin onsuz keçən ilk doğum günüdür.

 

Polkovnik-leytenant Murad Mirzəyevin məzarı başına toplaşan doğmaları , əzizləri, ailə üzvləri  üçün şəhid haqqında danışmaq çətindir.

 

Son döyüşü ilə bütün Azərbaycanın iftixarına çevrilən oğlundan fəxrlə danışan şəhid atası hələ uşaq yaşlarından onun hərb sənətinə marağından danışır. Murad hərbçi olmaq istəyini ilk dəfə anasına bildirib. Üç imtahan verərək liseyə qəbul olunan Murad Mirzəyev təhsil dövründə çoxlarından fərqlənir, hər kəsin rəğbətini qazanır.

 

"Murad tək atası, anası üçün övlad olmadı. O, Azərbaycan xalqının övladı oldu. 20 Yanvar hadisələrindən sonra Murad hərbçi olmağa qərar vermişdi. Peşəsini özü seçdi, 26 il dövlətinə, vətəninə xidmət etdi".

 

Ana dili ilə yanaşı, türk, rus, ingilis və erməni dillərini mükəmməl bilən Murad Mirzəyev peşəkar və yüksək hazırlıqlı kadr kimi 2005-2007-ci illərdə ABŞ-ın Virciniya ştatında ingilis dili və xüsusi təyinatlılar üçün nəzərdə tutulmuş “Ranger” kursunu yüksək səviyyədə tamamlayır. O, bu kursu bitirən yeganə azərbaycanlı hərbçidir. Sonrakı illərdə 8 ölkədə, o cümlədən Türkiyə, Rumıniya, Macarıstan, Yunanıstan, İordaniyadakı kursları da yüksək səviyyədə başa vurur. 

 

Atası Telman Mirzəyev deyir ki, Muradsız onlar üçün çətindir: "Muradsız bizim üçün çox çətindir. Amma dövlətimiz və xalqımız var olsun, ötən bir il müddətində bizi tək qoymadılar. Heç bir zaman təklik hiss etmədik. Hər tərəfsən diqqət var bizə.  Yaşadırlar Muradı bizim gözümüzdə. Təsəllimizi isə Muradın iki balasından alrırıq. Nurlandan və Dənizdən. Bir də darıxanda bura gəlirik, tək biz gəlmirik, xalq millət hamı bu ziyarətgaha gəlir. Bizim də təsəllimiz buradır. Murad bütün Azərbaycanın övladıdır".

 

Muradın anası Güllübəyim xala  deyir ki, uşaqlıqda Murad ən çox dostları hərbi oyunlar oynayarmış. 31 mart Muradın doğum günü olsa da, o bu günü heç vaxt qeyd etməzmiş.

 

"Səsi indi də qulaqlarımdadır. Deyirdim, oğlum, haçan gəlib oturacaqsan, sənin ad gününü keçirək, deyirdi, ana, Qarabağ azad olanda ad günümü keçirəcəyəm. Deyirdi ki, ana, hər  namaz qılanda dua elə ki, vətənimiz düşmənlərin tapdağından azad olsun".

 

Muradın kiçik qardaşı Süleyman onunla fəxr etdiyini deyir:

 

"Muradın üzünü doyunca görmədim. Murada işi və vaxtı ilə əlaqədar sual verəndə, heç vaxt cavablandırmazdı. Ağlım kəsəndən Muradı idmanla məşğul olan görmüşəm. Mənə də deyərdi ki, məşq elə, qardaşın kimi ol. Həmişə fəxr eləmişəm onunla".

 

Muradın uşaqlıq dostu hacı Mirtərlan Mirişov hələ də bu itkiyə inanmır:

 

"Murad vətənpərvər, əsl Azərbaycana layiqli bir oğlan idi. Ən böyük arzusu Qarabağın azadlığı idi. Bu yolda da şəhid oldu".

 

Həyat yoldaşı Fizzə Əliyeva üçün danışmaq elə də asan olmadı.  deyil. Susdu...

 

Mikrofon qarşısında danışmadı  Fizzə xanım .  Bir onu dedi ki, Murad mənə "hər zaman mətin ol, mərd dayan" deyib.

 

Murad Mirzəyev iki övlad atası idi. Oğlu Nurlan artıq 2-ci sinfdə , qızı Dəniz isə 1-ci sinifdə oxuyur. Uşaqlar hələ də atalarının şəhid olmasından xəbərsizdirlər. Elə bilirlər ki, Murad əvvəllər olduğu kimi harasa uzun müddətə səfərə gedib.

 

Şəhid qəhrəman isə əbədi səfərə gedib, II Fəxri Xiyabanda döyüş yoldaşlarının əhatəsində uyuyur. Rəhbərlik etdiyi hərbi hissənin qonşuluğuna köçüb, həm də əbədi olaraq. Ruhu şad olsun!

Müəllif | Apa.Tv
Sevinc Vaqifqızı

OXŞAR XƏBƏRLƏR