Ermənilərin Şamaxıda törətdiyi soyqırımı: 53 kənd məhv edilib, 8027 nəfər öldürülüb

1918-ci ilin martında soyqırımına məruz qalan bölgələrdən biri də Şamaxı rayonu olub. Etnik təmizləmə mahiyyəti daşıyan bu soyqırımı tarixdə təkcə müsəlmanları qırmaqla deyil, həm də şəhər və kəndlərdə törədilən ağlasığmaz vəhşiliklər və talanlarla da iz qoyub.

Şamaxıda martın əvvəllərində başlanılan soyqırımı ayın 28-dən kütləvi hal alıb. Aprelin 2-dən 16-dək isə vəziyyət daha ağırlaşıb. Şamaxıda qırğınlar 26 gün davam edib.

 

Tarixçi Fariz Xəlilli deyir ki, erməni Stepan Şaumyanın əsas silahdaşı, milli qırğın siyasətinin əsas təşkilatçılarından olan Stepan Lalayan Şamaxının yalnız müsəlmanlar yaşayan 74 kəndində “öldürüb talamaq” siyasətini həyata keçirib. Onlar 53 kəndi yerlə yeksan ediblər. Həmçinin, 14 məscid, təhsil ocaqları, məktəblər məhv edilib. 743-ci ildə inşa olunmuş Şamaxı Cümə məscidi içərisinə toplaşan 2 minə yaxın insanla birgə yandırılıb.

 

Bundan əlavə şəhərdəki İmamzadə məscidi də soyqırımın cansız şahidlərindəndir. Şamaxı İmamzadə məscidində 1918-ci il martında ermənilər 200 müsəlman türkü qətlə yetiriblər. 1991-ci ildə məscidin bərpası zamanı orada kütləvi məzarlıq aşkar olunub.

 

Soyqırımından sonra təşkil olunan Fövqəladə Təhqiqat Komissiyanın apardığı və yarımçıq qalan istintaq materiallarına əsasən, Şamaxı şəhərində və 53 kənddə 8027 nəfər azərbaycanlı qətlə yetirilib ki, onlardan 4190 nəfəri kişi, 2560 nəfəri qadın və 1277 nəfəri uşaq olub. Şamaxıda təkcə 286 qadın namusunu qorumaq üçün intihar etmişdi. Şamaxı şəhərini toplar və digər silahlarda atəşə tutublar, evləri dağıdıblar. İnsanları evlərə toplayıb yandırıblar".

 

Dəhşətli işgəncələri, çoxsaylı qətləri, amansızlıqlarla yadda qalan bu soyqırımı unutmamaq üçün Şamaxı şəhərinin Azadlıq küçəsində 2001 -ci ildə “31 mart-Azərbaycanlıların Soyqırımı” abidə kompleksi yaradılıb. Həmin abidənin sağ tərəfində Stepan Lalayanın qərargahı, sol tərəfdə isə zərgər Miqriyanın evi olub. Həmin qərargahda minlərlə şamaxılının qətlinə sifariş verilib.

Müəllif | Apa.Tv
Elvin Yaqubov

OXŞAR XƏBƏRLƏR