Şamaxıda sürüşmə: evlər torpaq altında qala bilər - SOS

Torpaq sürüşməsi Şamaxı şəhərinin 48-ci məhəlləsinin sakinlərini çətin duruma salıb, çünki ərazidə sürüşmə yenidən aktivləşərək geniş ərazini əhatə edib.


APA TV-nin yerli bürosunun məlumatına görə, son aylar Şamaxıya yağan qar və yağışdan sonra yenidən aktivləşən torpaq sürüşməsi nəticəsində evlərdə irili-xırdalı çatlar əmələ gəlib. Sakinlərin sürüşmənin hər gün baş verdiyini və dağdan axıb gələn torpaq kütləsinin evlərə doğru hərəkət etdiyini deyir. Torpaq kütləsi məhəllədaxili yollardan birinin bağlanmasına səbəb olub. Nəticədə yeraltı qrunt suları da üzə çıxıb.

Sürüşmə sahəsinin eni 100 metr, uzunluğu 500 metrdir. Sürüşmə zamanı həyətyanı sahələrin hasarları torpağın altında qalıb, evlərin və yardımçı tikililərin divarları çatlayıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Şamaxı rayon İcra Hakimiyyətinin nümayəndələri sürüşmə zonasına baxış keçirib, sakinlərlə görüşüb, monitorinq aparılıb.


Sakinlər ağır texnikalar vasitəsi ilə ərazidə torpaqdan bənd yaratsalar da, hər an davam edən sürüşmənin qarşısını almaq mümkün deyil. Son günlər yağan yağış sürüşməni daha da intensivləşdirib. Sakinlər deyir ki, torpaq axının qarşısının alınması üçün təcili olaraq evlərlə dağ arasında betondan istinad divarı çəkilməlidir. Belə olmasa qısa vaxtda evlər torpağın altında qalacaq. Ərazidə yaranan təhlükə artarsa ilk növbədə dağ yamacına yaxın olan 5 evin sakinləri köçürülə bilər.

Şamaxı rayon İcra Hakimiyyətindən APA TV-yə verilən məlumata görə, indiyədək rayon mərkəzində, eləcə də 7 kənddə baş verən torpaq sürüşməsi zamanı 400-dən çox evə ziyan dəyib. 

Müəllif | Apa.Tv
Elvin Yaqubov

OXŞAR XƏBƏRLƏR