Şagirdlər narkomaniyaya qarşı səhnəcik nümayiş etdirdi - MƏKTƏBDƏ POLİS TƏDBİRİ

Yuxarı sinif  şagirdlərinin yaratdığı səhnəcikdə, məktəbli yeniyetmənin dərsdən yayınaraq tüfeyli həyat tərzi yaşaması canlandırılıb. APA TV-nin məlumatına görə, Sabunçu rayonu 81 saylı orta məktəbdə  "Narkomaniya bəşəriyyətin bəlasıdır!" və "Erkən nikaha "yox" deyək!" mövzularında  təşkil olunan tədbirdə  150-yə yaxın müəllim və şagird heyəti iştirak edib.

 

Maarifləndirici səhnəcik  şagirdləri düşündürdüyü kimi, qonaqların da diqqətini cəlb edib. Sabunçu RPİ-nin zabit heyətinin, Rayon İcra Hakimiyyətinin nümayəndələrinin də iştirak etdiyi tədbirdə natiqlər çıxış edərək, narkomaniyanın cəmiyyətimizə, gələcəyimiz olan gənclərin mənəviyyatına, əxlaqına ciddi mənfi təsir göstərməsi, insanların narkomaniya adlı xəstəliyə düçar olaraq həyatlarının məhv olması haqda ətraflı məlumat veriblər.

 

Sabunçu RPİ-nin rəisi  Eldar İlyasov çıxışında  narkotik və psixotrop maddələrin yaratdığı problemlərdən və fəsadlarından geniş bəhs edib.

 

Tədbirdə çıxış edən Sabunçu Rayon İcra Hakimiyyəti başçısının 1-ci müavini Güloğlan Məmmədov və Bakı Şəhər Narkoloji Dispanserin narkoloqu Qalib Məmmədov narkomaniyanın qarşısının alınması üçün dövlət orqanları, ictimai təşkilatlar, ictimaiyyət nümayəndələri, təhsil işçiləri və valideynlərin birgə mübarizə aparmasının vacibliyini vurğulayıb.


Görüş məktəblilərin sual-cavabları ilə diskussiya şəkilində sona çatıb.

 

Müəllif | Apa.Tv

OXŞAR XƏBƏRLƏR