Türkiyə "Fərat qalxanı" əməliyyatına niyə son verdi? - POLİTOLOQLAR ŞƏRH EDİR

"Türkiyənin Suriyada terroçulara qarşı həyata keçirdiyi "Fərat qalxanı" əməliyyatının müsbət nəticələri oldu. Bir çox siyasi şərhçilər hesab edirlər ki, əməliyyat nəticəsində hərbi uğurlar olsa da, tam hədəfə çatdığını demək olmaz". APA TV-yə bu sözləri politoloq Elxan Şahinoğlu bildirib.

Onun sözlərinə görə, bu əməliyyat nəticəsində Türkiyə Suriyanın şimalında bir çox yaşayış məntəqəsini terroçulardan təmizlədi və tampon bölgə yaratdı. Bundan başqa qaçqınların bir hissəsi azad olunmuş bölgəyə qayıtdı, Ankaranın dəstəklədiyi Azad Suriya Ordusu güc qazandı. Amma politoloq  hesab edir ki, Türkiyə bu əməliyyat nəticəsində siyasi nəticələrdə uğur qazanmadı: "PYD və YPG PKK-nın qolu sayılır. Amma "Fərat qalxanı" əməliyyatı zamanı onlar tam neytrallaşmadı. Çünki ABŞ və Rusiya həmin terrorçu qruplaşmalara dəstək verir. Ona görə də "Fərat qalxanı" əməliyyatı başa çatsa da, bu, Suriya ərazisindən Türkiyə üçün bütün təhlükələrin aradan qaldırılması demək deyil. Çünki kürd qruplaşmaları indi güclənəcəklər".

 

İŞİD-in əsas mərkəzi olan Rəqqa uğrunda mübarizədə Türkiyənin iştirak etməməsinə gəldikdə isə siyasi şərhçilər hesab edir ki, Türkiyə şəhər uğrunda gedən döyüşlərdə xeyli hərbçi itirməkdən ehtiyatlandı. Amma türkiyəli politoloqlar düşünür ki, "Fərat qalxanı" əməliyyatı ilk addımdır. "Ekonomi ve Dış Politika Araştırma Merkezi" (EDAM) İdarə Heyətinin üzvü Arda Batunun sözlərinə görə, Türkiyənin bundan sonra başqa adla, başqa əməliyyatda iştirakı istisna deyil: ""Fərat qalxanı" təhlükəsiz bölgənin formalaşması baxımından önəmli oldu. Türkiyənin münaqişə bölgəsi ilə 8 kilometrlik sərhədi var. Ona görə də ilk mərhələnin başa çatmasını müsbət qiymətləndirirəm. Amma sonrakı addımlar çox vacibdir. İlk addım məncə uzun bir yolun kiçik bir hissəsidir. Sonrakı addımda Türkiyənin hərbi əməliyyatı ilə yanaşı həm regional, həm də beynəlxalq qüvvələrin uzlaşması, bu bölgədə davamlı bir sülhün olması baxımından önəmli addımlar gözləyir".

 

Xatırladaq ki, "Fərat qalxani"əməliyyatları zamanı 71 türk əsgəri şəhid olub. Əməliyyat ötən il avqustun 24-də başlamışdı.

 

 

Müəllif | Apa.Tv

OXŞAR XƏBƏRLƏR