İraq Türkmən Cəbhəsi millət vəkili APA TV-yə danışdı: "Kürdlər Kərkükdə vəziyyəti gərginləşdirir"
Kərkükdə Bərzani administrasiyasının bayrağının qaldırılması şəhərdə iğtişaşlara səbəb olub. Kərkükün türkmən və ərəb əhalisi valiliyin bu qərarını qanunsuz hesab edərək küçələrə çıxıblar. Bərzani bayrağının qaldırılması ən çox şəhərin köklü əhalisi sayılan türkmənləri narahat edir. Ərbil parlamentinin üzvü, türkmən millət vəkili Aydın Maruf APA TV-yə açıqlamasında Kərkükdəki son durum barədə danışıb:
"Bayraq asılmasından sonra vəziyyət yaxşı deyil. Bölgədə, Kərkükdə gərginlik var. Biz türkmənlər olaraq və Türkmən Cəbhəsi olaraq bu qərarı qəbul etmirik. Kərkük önəmli bir şəhərdir. Bir özəlliyə sahibdir. Kərkük indiyə qədər Bağdad hökumətinə bağlıdır. Şəhərin statusunda hər hansı dəyişiklik üç etnik qrupla - türkmənlər, kürdlər və ərəblərlə razılaşdırılmalıdır".
Aydın Maruf baş verənləri həm Kərkükdə, həm də digər bölgələrdə yaşayan türkmənlərə qarşı haqsızlıq kimi dəyərləndirib:
"Mitinqdir, yürüşdür. Biz sivil yollarla mübarizə aparırıq. İnanmıram burada silahlı qarşıdurma yaransın. Çünki nəticədə bütün bölgədə yaşayan qruplara ziyan dəyəcək. Kürd siyasi partiyaların atdığı addımlar Kərkükdə vəziyyəti gərginləşdirir. Yoxsa burada hər hansı qarşıdurmanın yaranması üçün şərait yoxdur. Biz də belə duruma imkan vermərik. Çünki bizim üçün Kərkükün təhlükəsizliyi önəmlidir".
Millət vəkili deyib ki, gərginlik davam etsə, türkmənlər beynəlxalq məhkəməyə müraciət edəcəklər:
"Kərkük türkmənləri etiraz edir. Çünki onlara qarşı haqsızlıq edildiyini görürlər. Bizim üçün türkmənlərin varlığı, etibarı önəmlidir. Bundan sonra birlikdə hərəkət etmək lazımdır. Bu gərginlik, bu qərar davam edərsə, türkmənlər Beynəlxalq Məhkəməyə müraciət edərlər. Parlamentdə gündəmə gətirərlər. Ancaq siyasi dialoq yolu ilə məsələni çözməyə çalışırıq. Biz şiddətə qarşıyıq".
OXŞAR XƏBƏRLƏR
"Torqovı"da iaşə obyektləri YANDI - XƏSARƏT ALANLAR VAR
Abel Məhərrəmovun oğlu səfir vəzifəsindən geri çağırıldı
TƏCİLİ: Tərtərdəki dəhşətli hadisə ilə bağlı bir nəfər SAXLANILDI
Rusiyadan Ermənistana Azərbaycan üzərindən YÜK GÖNDƏRİLDİ
10 yeni stansiya tikiləcək – RƏSMİ AÇIQLAMA