ABŞ-da hasilat azaldı, neftin qiyməti sürətlə bahalaşır

Ötən həftə ABŞ-ın neft ehtiyatlarının artım səviyyəsi proqnozlardan aşağı olub. APA TV-nin məlumatına görə, ABŞ Energetika Nazirliyi həftə ərzində ehtiyatların həcminin cəmi 800 min barel artdığını açıqlayıb. Amerika Neft İnstitutu bu rəqəmin 1,9 milyon barel, analitiklər isə 1,3 milyon barel olacağını proqnozlaşdırmışdı.

 

Hasil olunmuş neft ehtiyatlarının həcminin azalması nefti bahalaşdırıb. Birjalarda "Brent" markalı neftin bir barelinin qiyməti 52,67 dollara qalxıb, Qərbi Texas nefti isə 49,73 dollardan təklif olunur. İki marka arasında yaranmış fərq yenə də üç dollara yaxındır.

 

Ehtiyatların həcmində gözlənilən artımın olmaması neftin son zamanlar ucuzlaşması ilə bağlıdır. ABŞ-da şist neftinin hasilatı qiymətlər 50 dollar səviyyəsində olduqda səmərəli sayılır. Qiymətlərin indiki səviyyəsi şist nefti hasilatını səmərəsiz etdiyindən hasilat buruqlarının sayında azalma baş verməsi realdır. Bu sayın nə qədər azalacağı sabah "Baker Hughes" şirkətinin açıqlayacağı hesabatdan məlum olacaq.

 

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR