Tutulan silah alverçisi: "İranlıdan alıb basdırmışdım, üstündə də ağac əkmişdim"

Nizami Rayon Polis İdarəsinin (RPİ) Cinayət Axtarışı Şöbəsinə (CAŞ) Yardımlı rayon sakini Cəlal Vəliyevin odlu silah-sursat satmaq istəməsi barədə əməliyyat məlumatı daxil olub.

 

APA TV-nin məlumatına görə, Nizami RPİ-nin Cinayət Axtarış Şöbəsi əməkdaşlarının keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində C.Vəliyev metronun "Qara Qarayev" stansiyasının yaxınlığında 1 ədəd nömrəsi silinmiş "Liama" markalı tapança, 1 ədəd nömrəsi silinmiş "Kalaşnikov" markalı avtomat silah və 13 ədəd avtomat patronunu 2500 manata satmaq istəyərkən saxlanılıb.

 

Polis İdarəsinə gətirilən C.Vəliyev odlu silah-sursatı satmaq niyyəti ilə Bakı şəhərinə gətirdiyini və avtomatdan dəfələrlə əyləncə məqsədi ilə istifadə etdiyini etiraf edib: "Novruz bayramında bir-iki dəfə atdım. Gətirdim Bakıya, "Qara Qarayev" metrosunun yaxınlığında satarkən məni tutdular". 

 

O, ilkin ifadəsində silah-sursatı əvvəldən tanıdığı İran vətəndaşından aldığını və yaşadığı evin həyətyanı sahəsində gizlətdiyini bildirib: "Həyətdə yer qazmışdım, basdırdım orda, üstündən isə ağac əkdim".

 

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, zəruri istintaq hərəkətləri, eləcə də əməliyyat-axtarış tədbirləri davam etdirilir.

     

Müəllif | Apa.Tv

OXŞAR XƏBƏRLƏR