Zülmətdə qalan yaşayış binası, yataqxana, uşaq poliklinikası - PROBLEM NİYƏ HƏLL EDİLMİR?

"Son illər işıq problemləri əmələ gəlib. Qışda, payızda işıqlar kəsilir. Kabellər partlayır. Gündə gəlib xamut qoyub bağlayırlar, qurtardı-getdi. Bir həftədən sonra yağış yağır, təzədən o da partlayır. Günlərlə işıqsız qalırıq". Şikayət edən Xətai rayonu, Zığ yolu, 7D ünvanında yaşayan Faiq Şıxəliyevdir.

 

APA TV-nin məlumatına görə, bu binanın sakinləri hələ 80-ci illərin sonunda könüllü surətdə ərizə yazaraq işıq xəttinin H.Z.Tağıyev adına Toxuculuq Kombinatına birləşdirilməsini istəyiblər. Lakin 1997-ci ildə kombinatın fəaliyyəti dayandırıldıqdan sonra elektrik enerjisinin verilməsində problemlər yaranıb. Xətlərin köhnə olması isə problemin daha da böyüməsinə səbəb olub.
 

1987-ci ildən binada məskunlaşan Lumu Babayeva bildirib ki, işıqlar kəsilmədən öncə güclü partlayış səsi eşidilir: "Kombinatın həyətində güclü partlayış olur. Özümüz də görürük. Axırıncısı da şənbə günü oldu. Heç 2 saat çəkmədi, 2 dəfə partlayış oldu. Yoldaşım balkondan baxırdı, diksindi. Partlayış zamanı alov da çıxır. Evdə o səsi əməlli-başlı eşidirik. Yalandan gəlib köhnə kabellərə calaq vururlar, ayaqlarını o tərəfə qoymamış işıq sönür. Bizim istiliyimiz də buraya bağlıdır. Dəfələrlə yazılı müraciət etmişik. Qonşular da təsdiq edə bilər. Baxan yoxdur".

 

Orxan Məmmədli isə 2-3 il öncə qonşularla Xətai rayon işıq idarəsinə müraciət etdiklərini deyir: "Qəbul etmədilər. Dedilər ki, siz kombinatın balansındasınız. "Azərişıq"ın qaynar xəttindən deyirlər ki, bizlik deyil. Amma biz ödənişi "Azərişıq" a edirik. Burada təzadlı məqamlar var".

 

Çəkiliş apardığımız müddətdə məlum oldu ki, eyni problemdən 4 saylı uşaq poliklinikanın işçiləri və yataqxana sakinləri də əziyyət çəkir. Baş həkimin iqtisadi işlər üzrə müavini Məlahət Ələkbərova da şikayətçilər sırasındadır: "Körpə uşaqları qəbul edirlər. Aparatda uşaqlar olur. Hamısı işıqla işləyən aparatlardır, istilik sistemi - hamısı sıradan çıxır. Çox əziyyət çəkirik. Gecə partlayır, səhər uşaqları qəbul edə bilmirik. Soyuq olur. Sistem dayanır".

 

Yataqxanada qaz xətti olmadığından sakinlər üçün işığın olmaması əlavə problemlər yaradır. Valeri Babayev sutkalarla işıqsız qaldıqlarını bildirib: "Hər yağış yağanda kombinatın yanında yarımstansiya var, orda partlayış olur. Qaz da yoxdur. Hamısı elektriklədir".

 

Məsələ ilə bağlı "Azərişıq" ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayevlə əlaqə saxladıq. O bildirdi ki, həmin ərazidə mövcud olan xətlər tezliklə yenilənəcək: "Xətlər H.Z.Tağıyev adına Toxuculuq Kombinatının xətləridir. Bizim balansımızda deyil. Amma sakinlərin fasiləsiz elektrik enerjisi ilə təmin edilməsi üçün onlara köməklik göstəriləcək. Yəni, oranın xətləri dəyişdiriləcək. Bizim balansımızda olmadığına görə dəqiq müddət demək mümkün deyil, amma problem əməkdaşlarımız tərəfindən operativ şəkildə aradan qaldırılacaq".

Müəllif | Apa.Tv
Nigar Həsənli

OXŞAR XƏBƏRLƏR