Saxlanılan şəxs: "Çıxdım polis maşının üstünə, əzdim"

Bu il yanvarın 17-də Göygöl rayonun Yeni Qızılca kəndi ərazisində keçirilən toy məclislərindən biri Şəmkir sakini 49 yaşlı Talıb Bayramov üçün düşərli olmayıb. APA TV-nin yerli bürosunun məlumatına görə, məclisin başa çatmasına bir neçə saat qalmış bacısı Məhsəti İbrahimovanın avtomobillə vurulması xəbəri Bayramovun ağlını başından çıxarıb.



Ağır dərəcəli sərxoş halda məclisi tərk edən kişi bacısını vuran maşına deyil, Göygöl rayon polisi şöbəsinin "FİAT DOBLO" markalı xidməti avtomobilinə hücum çəkib: "İçkili idim. Eşitdim bacımı maşın vurub. Elə bildim polis maşını vurub. Çıxdım polis maşının üstünə, əzdim. Çox içmişdim bilmədim. Elə bildim bu  adi bir işdir".

 

Talıb Bayramov sonradan əməlinin cinayət olduğunu anlayanda məsuliyyətdən yayınmağa cəhd göstərib. O qaçaraq, bir müddət müxtəlif ünvanlarda qalıb. Sonuncu dayanacağı isə Abşeron rayonu olub. Əməliyyat məlumatı əsasında axtarışlara başlayan Göygöl polisi Talıb Bayramovu Masazır qəsəbəsində saxlamağa müvəffəq olub: "Bayramov Talıb Cəlil oğlu istintaqdan gizləndiyi üçün onun barəsində axtarış elan olunub. Göygöl rayon polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat axtarış tədbirləri nəticəsində həmin şəxs Abşeron rayonu Yeni Masazır qəsəbəsi ərazisində saxlanaraq şöbəyə gətirilib. Cinayət işinin istintaqı davam etdirilir".

 

Talıb Bayramov barəsində Cinayət Məcəlləsinin xuliqanlıq maddəsi ilə iş başlanılıb. İstintaq aparılır.  

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR