Bakıda Novruz Festivalı davam edir - SABİR BAĞINDAN REPORTAJ

Azərbaycan milli mətbəxinin növbənöv təamları, sənətkarlıq nümunələri, milli suvenirlərin nümayiş olunduğu stendlər, 60-dan çox kollektivin bir-birindən maraqlı çıxışları və s. APA TV-nin məlumatına görə, bu il Novruz bayramı ötən ilkinə nisbətən daha rəngarəng görüntülərlə yadda qaldı.

 

Festival Milli Turizm Təbliğat Bürosu tərəfindən təşkil olunub. Əsas məsələlərdən biri həm yerli, həm də əcnəbi turistlərin marağını cəlb etmək, eyni zamanda onların zövqünü oxşamaqdır.

 

Milli Turizm Təbliğat Bürosunun mətbuat katibi Kənan Quluzadə təşkil olunan proqramlar barədə məlumat verib: “Şərqlə qərbin sintez olduğunu göstərmək üçün günorta milli konsert olur, axşamlar isə rok, caz, blyuz və s. Diskoteka olur, dj-lər gəlir. Həm şərqi göstəririk, həm də qərbi. Monitorinq aparmışıq. Bura gələnlərin yarısı xarici turistlərdir. Ərəb, MDB ölkələrindən gələnlər çoxdur. Avropadan gələnlər də var”.

 

Milli Turizm Təbliğat Bürosu hər ay bölgələrdə və paytaxtda müxtəlif adlarda festivallar təşkil edəcək. O ki qaldı turistlərə, kimi konsertə qulaq asır, kimi əlinə xına ilə naxış vurdurur, kimi də alış-veriş edir. Bir sözlə, kiçikli-böyüklü hər bir ziyarətçi bayram festivalında zövqünü oxşayan məşğuliyyətlər tapmağa çalışır. Xaricdən ölkəmizə gələn turistlər yüksək əhval-ruhiyyədə olduqlarını bildiriblər:

“İndoneziyadan gəlmişəm. Çox şanslıyam ki, gəlişim Novruz bayramına təsadüf edib. Hər yer gözəldir. Kişilər yaraşıqlı, qadınlar gözəldir. Bayram əhval-ruhiyyəsi var. Balaca suvenir və çox dadlı təndir çörəyi aldım”.

 

“Yaxşı xatirə oldu bizə. Biz qonşuyuq. Suyun o tərəfində yaşayırıq. Eşitmişdim. Çox gözəl gördüm. Təzə iliniz mübarək olsun”.

 

“Azərbaycana səfərimi planlayanda burada Novruz bayramının keçiriləcəyini bilirdim. Əsl bayram əhval-ruhiyyəsi var. 4 gün burada olacağıq. Azərbaycan xalçaları dünyada məşhurdur, buna görə də anam üçün Azərbaycan xalçası alacam.”

 

Festivalda kəndirbazların çıxışı xüsusi maraq cəlb edir.

 

Müəllif | Apa.Tv
Nigar Həsənli

OXŞAR XƏBƏRLƏR