Tanınmış azərbaycanlı model ilk dəfə filmə çəkildi

Azərbaycanda action və triller janrında film çəkilib. “Don Marleone” adlı ekran əsərinin tizeri artıq yayımlanıb. Yaradıcı heyətin üzvləri APA TV-yə bir çox nüansları açıqlayıb.

 

Filmin rejissoru Elmar Bayramov ekran əsrinin stilistikasının triller filmlərini xatırladacağını deyib:  "Lakin döyüş hadisələri çox olduğuna görə və dinamika üzərində qurulduğuna görə, triller və action gedir. Tamaşaçılara onu demək istəyirəm ki, filmdə komedik nüanslar sadəcə situasiyalardadır. Danışıqlarda demək olar ki, bu yoxdur. Digər filmlərdən fərq hadisələrin bir yerdə, bir zamanda baş verməsidir. Amma əslində, hadisələr müxtəlif günlərdə, müxtəlif məkanlarda baş verir. Hadisələr çox dinamikdir. Bir saat yarım baxdığınız zaman elə bilirsən, 3 dəqiqəyə baxdın, bitdi. Yəni, fərqi olduqca dinamik olmasındadır".

 

"Don Marleone" naməlum şəxslər tərəfindən öldürülən atasının cinayətini araşdıran və cinayətkarları tapmağa çalışan gəncin başına gələn hadisələrdən bəhs edir.
 

Ssenari müəllifi Rəşad Süleymanoğlu olan filmdə əsas məsələlərdən biri də aktyor seçimi olub. Ekran əsərində Natəvan Əfəndiyeva, Sain Fərhad, Murad Abdullayev, Əlibəy Məmmədli, Nofəl Şahlaroğlu, Ayşad Məmmədov, Azər Aydəmir, Bəhram Bağırzadə və başqaları rol alıb: "Açığı, filmin strukturu tələb edirdi ki, əsas qəhrəmanımız yaraşıqlı, gözəl, hündürboy olsun ki, insanlar birinci görünüşdən danışsınlar. Məncə, bu, uğurlu olub. Digər aktyorların hamısı yaraşıqlıdır. Çünki onlar bir-birinə uyğun olmalı idilər".

 

Filmin özəllikləri çoxdur: "Filmdə natural səhnələr həddən artıq çoxdur. Stəkanın qırılması, əlin qanaması... Həmin yerlərdə biz çəkilişi saxlamadıq, davam etdirdik. Tryukların hamısı, 98 faizi təbii olub. Sürətli səhnələrin heç birinə sürət qoyulmayıb. Hətta bəzən sürət azaldılıb".

 

İkinci rejissor Cabir Hacıyev daha çox təşkilati məsələlər üzrə öhdəlik götürüb: "Olub filmlərdə ki, bezdirici olub, sıxıcı olub. Məni incidənlər oldu. Amma qlobal bir şey olmadı. Çox razıyam. Deməzdim məni incidənlər oldu. Amma çalışırdıq ki, biz də onları incitməyək".

 

Filmdə baş rolda tanınmış model, "Best Model of the World 2007" yarışmasının qalibi Rüstəm Cəbrayılov çəkilib. O, özünü aktyor kimi ilk dəfə sınayıb. Rüstəm hər zaman filmə çəkilmək istəyib və bunun yalnız Azərbaycanda reallaşmasını arzu edib: "Mənim ən çox bəyəndiyim ssenaridən əlavə, işçi heyəti oldu. Mənim obrazım türklər demiş, "kabadayı" stili idi. Ssenaridə bəyəndiyim - sözün düzünü deyən, haqqını tələb edən, həmişə başı dik obraz idi. Bunlar mənim xarakterimə uyğun olduğu üçün düşündüm ki, canlandıra bilərəm".

 

Rüstəm Cəbrayılov bildirib ki, eyni kollektivlə ikinci dəfə bir araya gələ bilər. Amma yeni film barədə heç bir informasiya vermək istəmir.

 

Filmin montajı demək olar ki, bitib. Yalnız bir səhnə qalıb. Yaradıcı heyət bildirib ki, səhnənin çəkiləcəyi məkanda indiyə qədər çəkiliş olmayıb.

Qeyd edək ki, filmdə əsas obrazlardan birini ifa edən əməkdar artist Əsgər Rəhimov martın 21-də 60 yaşında vəfat edib.

 

"Don Marleone" filmi 20 apreldən kinoteatrlarda nümayiş olunacaq.

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR