"Transatlantik münasibətlərin gələcəyi: Siyasi realizmə qayıdış" mövzusunda panel keçirilib
V Qlobal Bakı Forumu çərçivəsində "Transatlantik münasibətlərin gələcəyi: Siyasi realizmə qayıdış" mövzusunda panel keçirilib.
APA TV-nin məlumatına görə, Latviyanın sabiq prezidenti, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri Vaira Vike-Frayberqanın moderatorluğu ilə keçirilən paneldə Bolqarıstanın sabiq prezidenti Rosen Plevneliev, Ərəb Liqasının sabiq baş katibi Əmr Musa, Serbiyanın sabiq prezidenti Boris Tadiç, Argentinanın sabiq vitse-prezidenti Xulio Sezar Kobos, Ekvadorun sabiq prezidenti Rosalia Arteaga, ABŞ-ın Strateji və Beynəlxalq Tədqiqatlar Mərkəzinin müxbir üzvü Edvard Luttvak və Katerina Yuşşenko iştirak ediblər.
R. Plevneliev bildirib ki, Avropa İttifaqı unikal bir sülh layihəsidir:
"Avropa İttifaqında böyük Almaniya kiçik Estoniya ilə bərabərdir. Avropa İttifaqında qaydalar hamıya şamil olunur. Bütün dünyada, o cümlədən Latın Amerikasında, Avropada, Asiyada münaqişələr ona görə başlayır ki, kimsə qaydaları pozur. Avropa İttifaqının özünün 11 problemi var. Liderlər silahları yox, diplomatiyanı üstün tutmalıdır. İnsanlar liderlərdən bu böhranların həllini gözləyir. Qarşıdan yeni sülh dövrü gələcək. Artıq heç kim müharibə istəmir".
Serbiyanın sabiq prezidenti Boris Tadiç deyib ki, dünyada mövcud olan qaynar nöqtələr narahatedicidir:
"Münaqişələrin həll edilməsi ilə bağlı aparılan danışıqlarda müəyyən çətinliklər var. Hesab edirəm ki, Böyük Britaniyanın Avropa İttifaqını tərk etməsindən sonra biz ümumi dəyərlər ətrafında daha sıx birləşəcəyik. Biz çox müharibələrin şahidi olmuşuq. Buna görə də istəmirik ki, sivilizasiyalar bir-biri ilə mübarizə aparsın, əksinə, sivilizasiyalar bir-biri ilə uzlaşmalıdır. İndi siyasi realizm vaxtı deyil. Əgər siyasi realizmə qayıtsaq, insanlar müharibələrlə üzləşəcək. Biz çox ciddi şəkildə miqrasiya problemi ilə də məşğul olmalıyıq".
Əmir Musa qeyd edib ki, siyasi realizm maraqlarla bağlıdır və onun üçün heç bir dəyər yoxdur:
"Siyasi realizmdə BMT-nin Xartiyasına, beynəlxalq hüquqa hörmət yoxdur. Ona görə də, biz siyasi realizmə qayıtmadan əziyyət çəkdiyimiz problemləri birgə həll etməliyik".
Argentinanın bütün enerjisini problemlərin həllinə yönətdiyini vurğulayan X. S. Kobos bildirib ki, yeni bir dünyanın qurulması üçün siyasi, iqtisadi, mədəni inteqrasiya üstün tutulmalıdır:
"Argentina bizim müzakirə etdiyimiz mövzulara öz töhfəsini verə bilər. Biz dünyaya inteqrasiya etmək istəyirik. Bizim də çətinliklərimiz var. İnvestisiyalar lazımdır. Yeni dünya ssenarisində ən əsası sülhə əmin olmalıyıq. Biz bu yola inanırıq".
R. Arteaga, K. Yuşşenko və E. Luttvak da mövzu ətrafında çıxış ediblər.
OXŞAR XƏBƏRLƏR
"Torqovı"da iaşə obyektləri YANDI - XƏSARƏT ALANLAR VAR
Abel Məhərrəmovun oğlu səfir vəzifəsindən geri çağırıldı
TƏCİLİ: Tərtərdəki dəhşətli hadisə ilə bağlı bir nəfər SAXLANILDI
Rusiyadan Ermənistana Azərbaycan üzərindən YÜK GÖNDƏRİLDİ
10 yeni stansiya tikiləcək – RƏSMİ AÇIQLAMA