Beynəlxalq münasibətlərin gələcəyi necə olacaq? - V QLOBAL BAKI FORUMUNDA MÜZAKİRƏLƏR
V Qlobal Bakı Forumunun ilk panel iclasında “Beynəlxalq münasibətlərin gələcəyi” mövzusu müzakirə olunub.
APA TV-nin məlumatına görə, iclasda çıxış edən Monteneqro prezidenti Filip Vuyanoviç bəşəriyyətin terrorizm kimi ciddi bəla ilə üzləşdiyini, günahsız insanların həyatına son qoyulduğunu deyib. Onun sözlərinə görə, aclıq və digər problemlər səbəbindən demokratiyaya ciddi zərbə vurulur.
Makedoniya prezidenti Georgi İvanov hazırkı dövrdə mövcud problemlərin dərindən öyrənilməsinin gələcəyin daha dəqiq proqnozlaşdırılması baxımından önəmini vurğulayıb. O qeyd edib ki, yeni dünya nizamı çoxqütblü olacaq, vahid cəmiyyət, vahid mədəniyyət olmayacaq. Buna görə də müxtəlif mədəniyyətlər və millətlər arasında dialoqu təşviq etməli, müxtəlifliyə hörmətlə yanaşılmalıdır.
Albaniya prezidenti Buyar Nişani bildirib ki, ölkəsi kiçik olsa da, digər xalqların və ölkələrin inkişafına da öz töhfəsini verib. O, kommunizmin süqutundan sonra Albaniyanın sürətlə inkişaf etdiyini, etibarlı tərəfdaş olduğunu deyib.
Gürcüstan prezidenti Giorgi Marqvelaşvili çıxışında bildirib ki, otuz il əvvəl düşüncələr daha nikbin olub. Onun sözlərinə görə, qloballaşan dünya sülhə və sabitliyə gətirib çıxaracaq. Prezident ölkəsinin Azərbaycan və Türkiyə ilə açıq tərəfdaşlıq əlaqələrinə malik olduğunu, bu əməkdaşlığı gələcəkdə də inkişaf etdirmək istədiyini vurğulayıb.
Latviya prezidenti Raymonds Veyonis bildirib ki, mövcud münaqişələr beynəlxalq sülhə və sabitliyə ciddi təhlükə törədir. Münaqişələrin qısa müddətdə və ədalətli həlli ilə bağlı BMT-nin qətnamələrinin mümkün qədər tez icra olunmasının vacibliyini bildirən prezident deyib ki, münaqişələrin həlli Avropa üçün də çox vacibdir. Bunun üçün həm də güclü siyasi iradə tələb olunur.
Səudiyyə Ərəbistanı şahzadəsi, Kral Faysal Araşdırma və İslami Çalışmalar Mərkəzinin sədri Turki əl-Faysal deyib ki, hazırda dünyada mövcud problemlər ciddi geosiyasi risklərə gətirib çıxarıb, yeni böhranlar yaranır, mövcud münaqişələr, gərginliklər daha da dərinləşir. Şahzadə bu problemin yaranmasına görə beynəlxalq qurumları ittiham edib. Turki əl-Faysal bildirib ki, Suriya böhranının, Fələstin probleminin, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə baxmayaraq, dünyanın aparıcı dövlətlərinin bu məsələlərin həllinə istəksiz və laqeyd yanaşmaları hazırkı ağır nəticələrə gətirib çıxarıb.
Çıxışlardan sonra mövzu ətrafında müzakirələr aparılıb, auditoriyanın sualları cavablandırılıb.
OXŞAR XƏBƏRLƏR
"Torqovı"da iaşə obyektləri YANDI - XƏSARƏT ALANLAR VAR
Abel Məhərrəmovun oğlu səfir vəzifəsindən geri çağırıldı
TƏCİLİ: Tərtərdəki dəhşətli hadisə ilə bağlı bir nəfər SAXLANILDI
Rusiyadan Ermənistana Azərbaycan üzərindən YÜK GÖNDƏRİLDİ
10 yeni stansiya tikiləcək – RƏSMİ AÇIQLAMA