"Air Arabia" Bakıya ilk aviareys həyata keçirdi

Bu gündən etibarən Birləşmiş Ərəb Əmirlikləri və Azərbaycan arasında fəaliyyət göstərən mövcud iki hava aviaşirkəti sırasına “Air Arabia” da  qoşulur.  

 

"Air Arabia" şirkətinin həyata keçirdiyi ilk Şarja-Bakı reysi artıq Bakıdadır".

 

2 saat 15 dəqiqə çəkən  ilk uçuş yerli vaxtla 09:00-da Şarja Beynəlxalq Hava Limanından həyata keçirilib. Bakıya gələn İlk hava gəmisinin 120 sərnişini arasında şirkətin sədri  Şeyx Abdulah Bin Mohammed Al-Taninin rəhbərlik etdiyi rəsmi nümayəndə heyəti, BƏƏ-nin Azərbaycandakı səfiri Mohamed Hamel Alqubaisi,  Azərbaycanın BƏƏ-də fövqəladə və səlahiyyətli səfiri Daşqın Şikarov da olub.

 

Dövlət Mülki Aviasiya Administrasiyasının direktoru Arif Məmmədov bildirib ki, şirkət iki ölkə arasında yeni hava körpüsü yaradır. Aviaşirkət sözügedən istiqamət üzrə uçuşları həftədə 4 dəfə və iki uçuş vaxtı tezliyi ilə yerinə yetirəcək: "Uçuşlar Novruz bayramı ərəfəsində olduğu üçün, "Air Arabia" bayram günləri iki əlavə uçuşa icazə alıblar. İyun ayından uçuşlar həftənin 7 günü yerinə yetiriləcək. Əgər sərnişin sıxlığı olarsa, "Air Arabia" şirkətinə lazım olduğu qədər uçuş icazələri veriləcək. Onlar sərnişinlərin tələbatını ödəyəcəklər".

 

Bundan başqa Arif Məmmədov bildirib ki, Novruz bayramında Bakı Beynəlxalq Hava Limanında Körfəz ölkələrindən və cənubdan əlavə 100-ə yaxın reys yerinə yetiriləcək.   

 

"Air Arabia" şirkətinin baş icraçı direktoru Adel Al Ali bildirib ki, bu addım turizm sektoruna müsbət təsir göstərəcək.  Yeni reys ölkələr arasında istər biznes, istərsə də səyahət baxımından əlverişli imkanlar yaradacaq.  Məqsəd həm də hər iki ölkəyə turistlərin cəlb edilməsi,  mədəniyyət və təhsil sahəsində əlaqələrin gücləndirməsidir.

 

Qeyd edək ki, Şarja şəhəri "Ərəb dünyasının mədəniyyət paytaxtı" adlandırılır.

 

"Air Arabia” hazırda Orta Şərq və Şimali Afrikada beş əməliyyat mərkəzi ilə 33 ölkənin 124 nöqtəsinə uçuşlar icra edir.

Müəllif | Apa.Tv
Almaz Qasımova

OXŞAR XƏBƏRLƏR