Baş nazirin müavini: "İmkan olsa, bazarlara baş çəkəcəyəm"

"Ənənəvi olaraq, həmişə bayram öncəsi məhsullarda qiymətlər qalxır, amma bu belə olmamalıdır". APA TV-nin məlumatına görə, baş nazirin müavini Əli Əhmədov  Novruz bayramı öncəsi bazarlarda məhsulların qiymətlərinin qalxması barədə səslənən fikirlərə münasibət bildirərkən belə deyib.

O, bir neçə marketdə qiymətlərlə maraqlandığını və qiymətlərin insanları narahat edəcək dərəcədə qalxmadığını müşahidə etdiyini bildirib: "Ticarətçilər bayram öncəsi müştərilərin çoxaldığını görür və bundan istifadə edirlər. Bəlkə də başqa cür olsaydı, daha yaxşı olardı. Amma bu da reallıqdır. Azərbaycanda məhsullarda qiymətlərin yüksək olması mətbuatda təsvir edilən qədər deyil".

Baş nazirin müavini əlavə edib ki, Azərbaycan hökuməti bazardakı qiymətlərin qalxmasına imkan verməmək üçün çalışır. "Hökumət bu barədə fikirləşir. Əgər imkan olsa, bayramqabağı bazarlara yenə də baş çəkərəm", - deyə  baş nazirin müavini vurğulayıb.

 

Müəllif | Apa.Tv

OXŞAR XƏBƏRLƏR