"Baku Shopping Festival"da "Tax free" sistemi Azərbaycan vətəndaşlarına da şamil olunacaq

Aprelin 10-dan mayın 10-a qədər Bakıda alış-veriş festivalı keçiriləcək "Baku Shopping Festival" brendi altında fəaliyyət göstərəcək Festivalın təşkili Azərbaycan Konqreslər Bürosuna həvalə edilib.

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bildirib ki, festivalın keçirilməsində məqsəd həm əcnəbi ölkələrdən turist axınını artırmaq, eləcə də daxili turizmi inkişaf etdirməkdir. Festival müddətində alış-veriş edən vətəndaşlar "Tax free" sistemindən də faydalana biləcəklər.

“Bildiyiniz kimi, bir neçə ay bundan öncə cənab prezidentin təşəbbüsü əsasında Vergilər Nazirliyi, Maliyyə Nazirliyi, Gömrük Komitəsi, İqtisadi İnkişaf Nazirliyi ilə birgə Azərbaycanda yeni sistemi tətbiq edir.   Azərbaycanda tax free sistemi tətbiq olunur. Bildiyiniz kimi, "Tax free" sistemi adətən, əcnəbilərə tətbiq olunur. İlk dəfə təcrübədə nəzərə alınır ki, Azərbaycan vətəndaşları üçün Bakı Shopping Festivalı zamanı "Tax free" sistemi tətbiq olunacaq”.

Festival zamanı ƏDV-nin qaytarılması Vergilər Nazirliyinə həvalə olunub. "Tax free" sisteminin tətbiqinə ötən ilin iyul ayından başlanıb.

Vergilər nazirinin müavini Sahib Ələkbərov "Tax free" sistemi çərçivəsində xarici vətəndaşlara qaytarılan vəsaitin miqdarını açıqlayıb: “Ötən ilin iyul ayından ƏDV ilə bağlı verilmiş fakturaların sayı 6863-dür. əməliyyatların ümumi məbləği 12 milyon manatdan artıqdır. "Tax free" yalnız xaricilərə qaytarılır. Bu günə qədər 1 milyon manatdan artıq vəsaiti xarici ölkə vətəndaşlarına qaytarmışıq. 100 AZN və daha artıq məbləğdə alış-veriş edən hər bir Azərbaycan vətəndaşı da verginin qaytarılmasından istifadə edə biləcək”.

Azərbaycanda hazırda 254 obyekt "Tax free" sistemi ilə əhatə olunub. ƏDV-nin qaytarılması yalnız Baku Shopping Festivalının rəsmi loqosu olan obyektlər üçün keçərlidir. "Tax free" sistemində məbləğin nağd şəkildə qaytarılması üçün müddət 3 aydır. Lakin Bakıda keçiriləcək festival zamanı bu müddət 1 günə endiriləcək. Kartla ödəniş isə maksimum 10 gün müddətində həyata keçiriləcək. "Tax free" sistemi qida, nəqliyyat və aksizli məhsullara şamil olunmur.

Ticarət obyektlərinin sahibləri Baku Shopping Festivalında iştirak üçün 1100 AZN ödəməlidirlər. Proses aprelin 5-ə qədər davam edəcək.

Festival ənənəvi şəkildə ildə iki dəfə olmaqla keçiriləcək. Payız aylarında ikinci festivalın keçirilməsi nəzərdə tutulur. Bu il keçiriləcək festivallara 1 milyondan artıq vəsait xərclənəcək. Festivalın təşkilindən təxminən 50 milyon manat gəlir əldə edilməsi gözlənilir. 

Müəllif | Apa.Tv
Nigar Həsənli

OXŞAR XƏBƏRLƏR