Ön cəbhədən Novruz mesajı: "Torpaqlarımızı ildırım sürətilə azad edəcəyik!"
Cəbhə xəttində xidmət edən Azərbaycan Ordusunun hərbçiləri Novruz bayramını böyük coşqu ilə qeyd edir. APA TV-nin Qarabağ bürosunun məlumatına görə, Azərbaycan Respublikası Hərbi Prokurorluğu və Ağdam rayon ictimaiyyəti ön xətdə xidmət edən hərbçilərə bayram sovqatı aparıb.
Qonaqlar əsgər və zabitlərin yataq şəraiti ilə tanış olub. Hərbi Prokurorluğun polkovniki Toğrul Hüseynov Azərbaycan Silahlı Qüvvələrində xidmət edən hərbi qulluqçulara rəhbərliyin təbrikini çatdırıb və xidmətdə fərqlənən hərbçilərə hədiyyələr təqdim edib.
Ağdam Təhsil şöbəsinin müdiri Mətanət Misirxanova ön xətdə xidmət edən əsgər ailələrinə övladlarından nigaran qalmamalarını tövsiyə edib: "Çox gözəl ab-hava gördük. Yeməkxanalarına, yataqxanalarına baxdıq. Çox yüksək səviyyədə təşkil olunub. Əsgərlərimizin ruh yüksəkliyi böyükdür. Bu əsgərlər ən qısa vaxtda Azərbaycanın üçrəngli bayrağın işğal altında olan torpaqlara sancacaq və sağ-salamat evlərinə dönəcək".
Hər cür şəraitlə təmin olunan və ön cəbhədə xidmət edən Azərbaycan əsgəri bayram sovqatının anlamının fərqli olduğunu deyir. Çünki Novruz bayramı həmrəylik, birlik və paylaşmaq deməkdir. Uzun zamandır ailələrini görməyən əsgərlər APA TV kameraları vasitəsi ilə təbrik mesajlarını göndərdi. Kimisi ailəsinə, kimisi Azərbaycan xalqına, kimisi də təhsil aldığı ali məktəbə və tələbə yoldaşlarına...
Gecə-gündüz barmaq tətikdə, torpaqların keşiyində duran Azərbaycan əsgəri dedi-güldü və rəqs etdi. Bahar bayramı məmləkətimizin hər yerində qeyd olunur. Amma torpaqların keşikçiləri deyir ki, ən anlamlı bayram səngərdə dövlətin, millətin keşiyində duraraq qeyd olunan bayramdır.
Bayramın mübarək Azərbaycan əsgəri!
OXŞAR XƏBƏRLƏR
"Torqovı"da iaşə obyektləri YANDI - XƏSARƏT ALANLAR VAR
Abel Məhərrəmovun oğlu səfir vəzifəsindən geri çağırıldı
TƏCİLİ: Tərtərdəki dəhşətli hadisə ilə bağlı bir nəfər SAXLANILDI
Rusiyadan Ermənistana Azərbaycan üzərindən YÜK GÖNDƏRİLDİ
10 yeni stansiya tikiləcək – RƏSMİ AÇIQLAMA