V Qlobal Bakı Forumunun açılışı olub

Martın 16-da Azərbaycanın paytaxtında V Qlobal Bakı Forumunun rəsmi açılışı olub.

APA TV-nin məlumatına görə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “Beynəlxalq münasibətlərin gələcəyi: güc və maraqlar” mövzusuna həsr olunan Forumun açılış mərasimində iştirak ediblər.

Beşinci Qlobal Bakı Forumunda 53 ölkədən 300-dək nümayəndə, o cümlədən müasir dünya siyasətinin yönləndirilməsində, bir çox regional proseslərin qiymətləndirilməsində mühüm rolu olan çox nüfuzlu dövlət xadimləri, siyasətçilər, elm adamları, siyasi ekspertlər iştirak edirlər.

Forumun nüfuzlu qonaqları arasında Latviya Prezidenti Raymonds Veyonis, Makedoniya Prezidenti Georgi İvanov, Albaniya Prezidenti Buyar Nişani, Monteneqro Prezidenti Filip Vuyanoviç, Gürcüstan Prezidenti Giorgi Marqvelaşvili, Səudiyyə Ərəbistanı Şahzadəsi, Kral Faysal Araşdırma və İslami Çalışmalar Mərkəzinin sədri Turki əl-Faysal da var. İki gün davam edəcək Forum Azərbaycan həqiqətlərinin təbliğində və ölkəmizə yeni dostlar qazandırmaqda, lobbi quruculuğunda əhəmiyyətli rola malikdir. Qlobal Bakı Forumu Azərbaycanı tanıtmaq, ölkəmizlə bağlı həqiqətləri dünyaya çatdırmaq üçün çox mühüm və əlverişli platformadır.

Forumda Azərbaycan prezidenti İlham Əliyev, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri Vayra Vike-Freyberqa, İtaliyanın Azərbaycandakı səfiri Ciampaolo Kutillo, Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Azərbaycandakı müvəqqəti işlər vəkili Stefan Makkornak, Misirin İsgəndəriyyə Kitabxanasının direktoru, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri İsmail Serageldin çıxış ediblər.

 

Forum işini sabah başa vuracaq.

Müəllif | Apa.Tv
Fərid Rəsulov

OXŞAR XƏBƏRLƏR