Qəbələ və Qyonqcu şəhərləri arasında dostluq sazişi imzalandı
Koreya Respublikasının Qyonqcu şəhərinin meri Çoi Yanq-Sinin başçılıq etdiyi nümayəndə heyəti Qəbələ rayonuna səfər edib. APA TV-nin yerli bürosunun xəbərinə görə, Qəbələ Mədəniyyət Mərkəzində Qyonqcu şəhəri və Qəbələ rayonu arasında "Dostluq münasibətləri üzrə saziş"in imzalanması mərasimi keçirilib. Sənədi Qəbələ rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayev və Qyonqcu şəhərinin meri Çoi Yanq-Si imzalayıb. Sazişə əsasən hər iki şəhər arasında tarix, mədəniyyət və arxeologiya sahəsində qarşılıqlı şəkildə elmi tədqiqatları genişləndirməyə çalışacaq, turizm, sənaye, iqtisadiyyat və təhsil sahələrində əlaqələr gücləndiriləcək, gənclər, idman və özəl sektorda mübadilə proqramları həyata keçiriləcək. Mərasimdə SEBA (Seul-Bakı) Azərbaycan-Koreya Mədəniyyət Mübadiləsi Assosiasiyasının (SEBA) rəhbər şəxsləri də iştirak edib
Sonra qonaqlar Çuxur Qəbələ kəndində qədim Qəbələ şəhərinin xarabalıqları və ərazidə aparılan arxeoloji qazıntıların nəticələri ilə tanış olub. Onlara bildirilib ki, Azərbaycan-Koreya arxeoloji ekspedisiyası 2009-cu ilin yayında Azərbaycan-Koreya Mədəniyyət Mübadiləsi Assosiasiyasının təşəbbüsü, maliyyə və təşkilatı dəstəyi ilə fəaliyyətə başlayıb. Qəbələdəki arxeoloji tədqiqatlar AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşları və Koreyanın bir neçə elmi mərkəzinin mütəxəssislərindən ibarət komanda tərəfindən aparılıb. Koreyalı qonaqlar həmin nümunələrə Çuxur Qəbələ kəndindəki Arxeoloji Mərkəzin sərgi salonunda baxış keçiriblər.
Qonaqlar "Beltmann" piano fabrikində, "Gilan Qida Şəhərciyində" çipsi istehsalı prosesi, Qəbələ limonad zavodu və meyvə şirələri istehsalı müəssisəsinin məhsulları, "ASAN Xidmət"in Qəbələ regional mərkəzi, eləcə də Nohur gölü ətrafındakı turizm obyektləri, rayonda son illər inşa edilən müasir otellərlə tanış olublar.
Qyonqcu şəhərinin meri Çoi Yanq-Si Göstərilən diqqətə və qonaqpərvərliyə görə hər kəsə təşəkkür edib: "İki şəhər arasında bir çox sahələrdə əməkdaşlığın davam etdiriləcəyinə və uğurlu nəticələr əldə ediləcəynə əminəm. Qəbələ futbol komandasını bu ilin avqustunda Qyonqcu şəhərində keçiriləcək beynəlxalq yarışa dəvət etdim. Gələcəkdə qarşılıqlı səfərlər tez-tez təşkil ediləcək və iş adamlarına səmərəli əməkdaşlıq üçün imkanlar yaradılacaq".
OXŞAR XƏBƏRLƏR
"Torqovı"da iaşə obyektləri YANDI - XƏSARƏT ALANLAR VAR
Abel Məhərrəmovun oğlu səfir vəzifəsindən geri çağırıldı
TƏCİLİ: Tərtərdəki dəhşətli hadisə ilə bağlı bir nəfər SAXLANILDI
Rusiyadan Ermənistana Azərbaycan üzərindən YÜK GÖNDƏRİLDİ
10 yeni stansiya tikiləcək – RƏSMİ AÇIQLAMA