Xurşudbanu Natəvanın geyimi, Kəbirlinski ailəsinin əlbisəsi - QADIN GEYİM BƏZƏKLƏRİ SƏRGİSİNDƏN REPORTAJ
Milli Azərbaycan Tarixi Muzeyində təşkil olunan “Qadın geyim bəzəkləri” sərgisi davam edir. Sərgidə eramızdan əvvəl 2-ci minillikdən 20-ci əsrin əvvəllərinə qədər dövrü əhatə edən olan Azərbaycan qadın geyimləri nümayiş olunur. Sərgidəki bəzi eksponatlar ilk dəfə nümayiş olunur.
Geyimlər hər zaman müxtəlif tədqiqat əsərlərinin obyekti olub. Ancaq geyimləri zənginləşdirən bəzək elementləri bir qədər kölgədə qalır. Bu sərginin keçirilməsində məqsəd geyim bəzəklərini xırdalıqlarına qədər nümayiş etdirməkdir.
Sərgidə 200-dən artıq eksponat nümayişə çıxarılıb. Eksponatlar arasında baş bəzəkləri, düymə və piləklər, ətəklik, yaxalıq və əlcəklər, sancaqlar, kəmərlər, ayaq geyim bəzəkləri, tikmələr, toxuma bəzəklər var. Düymələr, sancaqlar və kəmərlər əsasən e.ə. 2-ci minilliyə aiddir.
Milli Azərbaycan Tarixi Muzeyinin şöbə müdiri Gülzadə Abdulova deyir ki, Azərbaycan xanımları düymələrdən avropalı xanımlardan bir neçə əsr qabaq istifadə etməyə başlayıb: "Onu göstərmək istəmişik ki, əgər Avropada düymədən 1250-ci ildən istifadə olunmağa başlamışdılarsa, Azərbaycan ərazisində e.ə. 2-ci minillikdən başlayaraq düymə, sancaq və kəmərlərdən istifadə olunub".
Sərgidə Azərbaycanın bütün rayonlarının xanımlarının geydiyi paltarlar nümayiş olunur. Naxçıvandan tutmuş Bakıya, Təbrizə qədər.
Eksponatlar arasında gəlin geyimləri diqqəti cəlb edir: "Buna Qarabağda küləciyə baharı deyiblər. Üzəri tamamilə güləbətinlə işlənib. Buna aşıq poeziyasında zər bəzəkli də deyirlər. Bu, gəlin üçün nəzərdə tutulmuş bir geyimdir".
19-cu əsr Azərbaycanın görkəmli şairəsi Xurşudbanu Natəvanın geyimi bərpa olunduqdan sonra ilk dəfə sərgilənir. Geyim muzeyə Natəvan nəslinin nümayəndələri tərəfindən təqdim olunub.
Bu əlbisə kompleks şəkildə ilk dəfədir ki, nümayiş olunur. Hətta bu çarıqları Xurşidbanu Natəvanın özünün bəzədiyi deyilir.
Azərbaycan milli geyimləri arasında ən məşhurlarından biri çəpkənlərin geyimidir. Qadın çiyin geyimlərindən olan çəpkənlərin qolçaq hissəsinin bəzədilməsinə xüsusi önəm verilib. Əlcəklər adətən toxuma bəzəklərlə, bəzən qızıl, gümüş və müxtəlif tikmə üsulları ilə bəzədilirdi.
Sərgidə ən çox maraqla qarşılanan geyimlərdən biri də 19-cu əsrə aid əlbisədir. Bu geyimin çəpkənlərə məxsus olduğu deyilir. Geyimin çəpkənlərə məxsus olduğunu göstərən əlamətlərdən biri də qolların qartal formasında olmasıdır. Bu geyimin Qarabağın məşhur Kəbirlinski ailəsinə məxsus olduğu da deyilir.
Bölmələrdən biri düymələrə həsr olunub. Sərgidə Tunc dövründən günümüzə gəlib çıxmış müxtəlif kəmərlər də nümayiş olunur.
Tariximiz zəngindir, Azərbaycanın xanımlarının tarixi geyim mədəniyyəti ilə tanış olmaq istəyənlər bu sərgiyə gəlməklə buna bir daha əmin ola bilərlər.
OXŞAR XƏBƏRLƏR
"Torqovı"da iaşə obyektləri YANDI - XƏSARƏT ALANLAR VAR
Abel Məhərrəmovun oğlu səfir vəzifəsindən geri çağırıldı
TƏCİLİ: Tərtərdəki dəhşətli hadisə ilə bağlı bir nəfər SAXLANILDI
Rusiyadan Ermənistana Azərbaycan üzərindən YÜK GÖNDƏRİLDİ
10 yeni stansiya tikiləcək – RƏSMİ AÇIQLAMA