Niderlandda seçkinin ilkin nəticələri açıqlandı: irqçi Vilders hökumətdən kənarda qala bilər

Niderlandda martın 15-da keçirilmiş parlament seçkisinin ilk nəticələri məlum olub. APA TV-nin məlumatına görə, ekzit-polların nəticələrinə əsasən, seçkilərdə baş nazir Mark Rüttenin rəhbərlik etdiyi "Azadlıq və Demokratiya Uğrunda Liberal Xalq" partiyası qalib gəlir. Bu partiya 150 yerlik parlamentdə 31 mandat qazanıb.

 

Gert Vildersin rəhbərlik etdiyi ifrat sağçı "Azadlıq",  həmçinin “Xristian-Demokrat Çağırışı” partiyası və “Demokratlar – 66” bloku hərəyə 19 mandat qazana biliblər.

 

Niderland parlamentinin aşağı palatası 150 yerdən ibarətdir. Ölkədə hökumət parlament çoxluğu tərəfindən formalaşdırılır. İlkin nəticələrə görə, partiyalardan heç biri mütləq çoxluq üçün lazım olan 76 mandatı əldə edə bilməyəcək. Belə olsa, seçkinin qalibi hakim koalisiyanı formalaşdırmaq üçün müttəfiqlər tapmalıdır. Ehtimal olunur ki, koalisiyaya "Azadlıq və Demokratiya Uğrunda Liberal Xalq", “Xristian-Demokrat Çağırışı” partiyaları və “Demokratlar-66” bloku daxil olacaq. Seçkinin yekun nəticələri martın 21-də açıqlanacaq.

 

Seçkidə seçici fəallığı 81 faiz olub. Bu, İkinci dünya müharibəsindən sonra rekord göstəricidir.

 

Müəllif | Apa.Tv

OXŞAR XƏBƏRLƏR