Bakı metrosunda həyəcanlı anlar: tüstülənmə vahimə yaratdı
Martın 15-i axşam saatlarında Bakı metrosunda tüstülənmə baş verib, sərnişinlər arasında təşviş yaranıb. APA TV-nin məlumatına görə, hadisə təxminən saat 20 radələrində Bakı metropoliteninin “28 May” və “Gənclik” stansiyaları arasındakı tuneldə qeydə alınıb. Həmin vaxt tuneldə hərəkət edən qatarlardakı sərnişinlər və hər iki stansiyada qatar gözləyənlər təşvişə düşüblər. “Bakı Metropoliteni” QSC-nin mütəxəssisləri tüstülənmənin mənbəyini axtarmağa başlayıblar, əraziyə Fövqəladə Hallar Nazirliyinin müvafiq qurumlarının canlı qüvvəsi və texnikası, eləcə də, təcili tibbi yardım briqadaları cəlb edilib. Qatarların hərəkəti dayandırılıb, sərnişinlər təxliyə edilib və stansiyalara girişə icazə verilməyib.
Yanğınsöndürmə briqadaları tunelə enib, tüstüdən özünü pis hiss edən sərnişinlərə metronun qarşısında dayanmış təcili tibbi yardım avtomobillərində ilkin tibbi yardım göstərilib.
Çox keçmədən tüstülənmənin qarşısı alınıb, sərnişinlərin stansiyalara girişi və qatarların hərəkəti bərpa edilib. “Bakı Metropoliteni” QSC tüstülənmənin səbəbini açıqlayıb.
Nəsimi Paşayev, “Bakı Metropoliteni” QSC-nin mətbuat katibi: “Təxminən saat 20 radələrində metronun “28 May” və “Gənclik” stansiyaları arasındakı tuneldə tüstülənmə müşahidə edlib. Həm sərnişinlərin stansiyaya daxil olmasında, həm də qatarların hərəkətində qısamüddətli fasilə yaranıb. Əməkdaşlarımız hadisənin səbəbini aydınlaşdırmaq üçün tunelə düşdülər. Aydın oldu ki, tuneldəki naqillərdə qısaqapanma nəticəsində qızma olub və onların izolyasiya hissəsi əriyib. Bu səbəbdən tüstülənmə yaranıb. Tüstü həm “Gənclik”, həm də “28 May” stansiyasında müşahidə edilib”.
Nəsimi Paşayev əlavə edib ki, hadisə barədə Fövqəladə Hallar Nazirliyinin müvafiq qurumlarına və təcili tibbi yardım xidmətinə məlumat verilib. O, deyib ki, sərnişinlərin sağlamlığı üçün heç bir təhlükə yaranmayıb.
Bakı xəstəxanalarından bildirilib ki, metrodakı tüstülənmə ilə əlaqədar stasionar müalicəyə ehtiyacı olan vətəndaş yoxdur.
OXŞAR XƏBƏRLƏR
"Torqovı"da iaşə obyektləri YANDI - XƏSARƏT ALANLAR VAR
Abel Məhərrəmovun oğlu səfir vəzifəsindən geri çağırıldı
TƏCİLİ: Tərtərdəki dəhşətli hadisə ilə bağlı bir nəfər SAXLANILDI
Rusiyadan Ermənistana Azərbaycan üzərindən YÜK GÖNDƏRİLDİ
10 yeni stansiya tikiləcək – RƏSMİ AÇIQLAMA