Cocuq Mərcanlıya asfalt yol çəkilir

Bu Cəbrayıl rayonunun işğaldan azad olunmuş Cocuq Mərcanlı kəndinə yeni yol çəkilir.

 

Ümumi uzunluğu  9 km olan avtomobil yolunun layihə üzrə eni 12 metr təşkil edir. Sözügedən yolun 4 kilometri əsaslı şəkildə yenidən qurulur, 5 kilometrində isə bərpa işləri aparılır.

 

Layihəyə uyğun olaraq yol boyu aparılan torpaq işləri, yol yatağının tikintisi tam olaraq yekunlaşdırılıb. Hazırda yol əsasının inşası işləri həyata keçirilir, asfalt-beton örtüyünün döşənməsi üçün hazırlıq işləri görülür. Artıq yolun 3 kilometrlik hissəsi asfaltlanmaq üçün hazır vəziyyətə gətirilib.

 

5 kilometrlik hissədə aparılan bərpa işləri zamanı yolun köhnə asfalt-beton örtüyünün üst qatı frezlənərək kənara daşınıb, zəruri olan yerlərdə yol yatağının yararsız quruntu qazılaraq çıxarılıb, əvəzində torpaq-çınqıl qarışığından ibarət material tökülərək kipləşdirmə işləri aparılıb.

 

Qalan 4 kilometrlik hissədə aparılan yenidənqurma işləri zamanı isə yeni yol yatağı və yol əsasının inşası işləri aparılıb. Daha sonra yol boyu 2 qat olmaqla yeni asfalt-beton örtüyü döşənəcək. 

 

Ümumilikdə yolun təqribən 68 min kvadratmetr sahəsinin asfaltlanması nəzərdə tutulub. Bundan başqa yol boyu 9 ədəd su keçidinin tikintisi, həmçinin 1 ədəd 2 aşırımlı mövcud avtomobil körpüsünün bərpası işləri də yekunlaşmaq üzrədir.

 

Layihə çərçivəsində yol 1 gediş və 1 gəliş olmaqla 2 hərəkət zolağından ibarət olacaq. Hərəkət hissəsinin eni 7.5 metr, hər bir istiqamət üzrə isə çiyinlərin eni 1.5 metr təşkil edəcək.

 

Tikinti  işləri tam olaraq bitdikdən sonra zəruri olan yerlərdə yol nişanları və məlumatverici lövhələr quraşdırılacaq, həmçinin piyada zolaqlarının, yolcizgi və yolgöstərici xətlərin çəkilişi işləri aparılacaq.

 

Tikinti işlərini “Azəravtoyol” ASC texnoloji ardıcıllığa riayət etməklə və yüksək keyfiyyətlə həyata keçirir. Bunun üçün əraziyə lazımi sayda canlı qüvvə və texnika cəlb olunub.

 

Qeyd edək ki,  yeni salınan avtomobil yolu Cocuq Mərcanlı kəndi də daxil olmaqla 7 yaşayış məntəqəsinin - Qazaxlar, Horadiz, Arayatlı, Əhmədbəyli, Qəhrəmanlı və İmamverdili kəndinin sakinlərinin gediş-gəlişini xeyli rahatlaşdıracaq.

 

Müəllif | Apa.Tv
Ayşən Əhməd

OXŞAR XƏBƏRLƏR