Abid Şərifov: "Mikrorayonda söküləcək evlərin sakinlərinə yeni inşa olunacaq binalarda ev veriləcək "

Bakının 1-ci mikrorayon adlanan inzibati ərazisində söküləcək evlərin yerində 9-12 mərtəbəli evlər tikiləcək. APA TV-nin məlumatına görə, bu barədə jurnalistlərə açıqlamasında baş nazirin müavini Abid Şərifov deyib. Onun sözlərinə görə, yeni inşa ediləcək binalarda sosial obyektlər də olacaq:

 

"Sökülən binada yaşayan adamlar həmin binadan dövlət zəmanəti ilə ev alacaqlar. Vətəndaş hansı evdən köçürülürsə, orada inşa edilən evdə yaşayacaq".

 

Bakı şəhərinin 1-ci mikrorayonunun yenidən qurulması ilə əlaqədar tədbirlər barədə danışan baş nazirin müavini əlavə edib ki, söküləcək evlərin sakinləri yeni binalar tikildikdən sonra orada mənzillə təmin olunacaqlar. Hazırda layihənin reallaşdırılacağı müddətlə bağlı hər hansı fikir söyləmək çətindir.

 

"Hazırda layihələndirmə işləri gedir. Ardınca tikintidə iştirak edəcək şirkətlərin prosesə cəlb olunması başlanılacaq. Lakin bir şey dəqiqdir ki, işlər uzanmayacaq. Bilirik ki, Bakıda tikinti işləri ilə məşğul olan şirkətlərin bəziləri işləri yubadır. Amma bu layihədə belə hal baş verməyəcək".

 

Abid Şərif bildirib ki Nazirlər Kabinetinin qərarı ölkə başçısı ilə razılaşdırılıb.

 

"Bir şeyi bilmək lazımdır ki, bu cür evləri fransızlar tikib. Həmin evlər fransızlar tərəfindən Əlcəzairdə neft sahəsində işləyənlər üçün tikilirdi. SSRİ dövründə evlə təminatla bağlı problemlər olduğu üçün bu cür modellərə üstünlük verilib. Başqa sözlə, bu, müvəqqəti yaşayış sahəsi adlanır. SSRİ dövründə Bakıda evsizlik ciddi problem olduğu üçün Niktia Xruşyov panel evlərin tikintisinə icazə verib. Amma bəla ondadır ki, bu evlərin hamısı betondan tikildiyinə görə, bütün müvafiq normativlər pozulub. Bu cür evlərdə yaşayanların əksəriyyəti xəstəliyə məruz qalır".

 

Xatırladaq ki, martın 10-da baş nazir Artur  Rasizadə Bakı şəhərinin 1-ci mikrorayonunun yenidən qurulması ilə əlaqədar tədbirlər barədə qərar imzalayıb. 

Müəllif | Apa.Tv
Almaz Qasımova

OXŞAR XƏBƏRLƏR