Valeh Ələsgərov: "Avropa 2 milyon qaçqının problemini həll edə bilmir..."

“AŞPA-nın komitə iclasının Bakıda keçirilməsi, hökumətlə müzakirələrin aparılması gələcək əlaqələrin inkişafından xəbər verir”. APA TV-nin məlumatına görə, bu fikirləri Avropa Şurası Parlament Assambleyasının (AŞPA) qaçqınlar və məcburi köçkünlər üzrə komitəsinin Bakıda keçirilən iclasında Milli Məclisinin sədr müavini Valeh Ələsgərov  deyib. O, iştirakçılara Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğal olunduğunu, 1 milyon qaçqın və məcburi köçkünün yurd-yuvasından didərgin düşdüyünü xatırladıb:

 

“Dünya qaçqın və məcburi köçkünlərlə bağlı ciddi çağırışlarla üzləşib. Bu problemlərlə birlikdə məşğul olmaq lazımdır. 500 milyon əhalisi olan Avropa İttifaqı 2 milyon qaçqının probleminin həll edilməsində çətinliklərlə üzləşib, amma 10 milyon əhalisi olan Azərbaycan 1 milyon qaçqın və məcburi köçkünün problemi ilə təkbaşına məşğul olur”.

 

Təhsil naziri Mikayıl Cabbarov işğaldan azad edilən Cocuq Mərcanlı kəndində məktəb binasının tikintisinə başlandığını, binanın sentyabrda istifadəyə veriləcəyini deyib. Nazir ermənilərin atəşkəsi daim pozduğunu, təmas xəttində yerləşən məktəbləri hədəfə aldığını xatırladıb.  

 

"2011-ci ildə Ağdam rayonunda Fariz Bədəlovun erməni snayper tərəfindən qətlə yetirilməsi yaddaşımızdadır. Ermənistan rəhbərliyi münaqişənin sülh yolu ilə həll olunmasını müxtəlif təxribatlarla əngəlləyir”.

 

Dövlət Miqrasiya Xidmətinin rəis müavini Pərviz Musayev miqrasiya prosesi çevik proseduralar əsasında tənzimlənir. Onun sözlərinə görə, 2016-cı ildə Azərbaycanda 7 min 956 ikili vətəndaşlığı olan şəxslər müəyyənləşdirilib, onların adları müvafiq bazaya daxil edilib.

 

“Qaçqın statusu almaq niyyətində olan 95 əcnəbi, ailə üzvləri ilə birlikdə 209 nəfər Dövlət Miqrasiya Xidmətinə müraciət edib. Hazırda üçüncü ölkə vətəndaşlarından qaçqın statusu almış 73 nəfər Dövlət Miqrasiya Xidmətində qeydiyyatdadır”.

 

Xidmət rəisinin müavini qeyd edib ki, müraciət edənlərdən 2 nəfər Azərbaycan vətəndaşlığına qəbul edilib.

 

Müəllif | Apa.Tv
Sevinc Vaqifqızı

OXŞAR XƏBƏRLƏR