Xırdalanda 5 qadın dəm qazından boğularaq öldü - TƏFƏRRÜAT

Xırdalan şəhəri, 26-cı məhəllə, ev 6, mənzil 4 ünvanındakı evdə dəm qazından zəhərlənərək ölən 5 nəfərdən ikisi Mələk Abbasova və Turanə Xanlayeva  Bakı Dövlət İqtisadiyyat və Humanitar Kollecinin II kurs tələbələri olub.

 

APA TV-nin məlumatına görə, bu barədə Bakı Dövlət İqtisadiyyat və Humanitar Kollecinin direktoru Rüsxarə Əliyeva bildirib: "Mənim üçün çox ağırdır. Bilirsiniz, onlar bizim övladlarımızdır və mən o uşaqlara da cavabdehəm. Hadisədir də, hamının başına gəlir, bu uşaqların da başına gəlib". 

 

Dəhşətli hadisənin qurbanları isə 1974-cü il təvəllüdlü Nübar Fazil qızı Musayeva, onun qızları 2000-ci il təvəllüdlü Xanlayeva Turanə Vahid qızı, 1999-cu il təvəllüdlü Xanlayeva Lamiyə Vahid qızı, habelə 1993-cü il təvəllüdlü Musayeva Aytən Elçin qızı və Cəlilabad rayon sakini, 1999-cu il təvəllüdlü Abbasova Mələk Mübariz qızıdır.

 

Qonşuların verdiyi məlumata əsasən, Nübar Musayeva böyük qızı Lamiyəni paytaxt xəstəxanalarından birinə gətiribmiş. Xanlayevlər ailəsinə gəlincə, ailənin başçısı Vahid Xanlayev bir neçə il əvvəl dünyasını dəyişib.  

 

Hadisə yerinə polis və prokurorluq orqanlarının əməkdaşları gəlib. Kənar şəxslərin mənzilə daxil olmasına icazə verilməyib. Meyitlər müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə aparılıb.

 

Baş Prokurorluğun mətbuat xidmətindən  verilən məlumata görə, faktla bağlı Abşeron rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb, iş üzrə müvafiq ekspertizalar, o cümlədən məhkəmə-tibbi və məhkəmə-texniki-təhlükəsizlik ekspertizaları təyin olunub.

 

APA TV-nin əldə etdiyi məlumata görə, dünən axşam 19.00 radələrindən başlayaraq mənzildə yaşayan qadınların qohumları və yaxınları onlara zəng etsələr də, zənglər cavabsız qalıb. Bu barədə polisə məlumat verilib. Gecə 03.00 radələrində Xırdalan şəhəri, 26-cı məhəllə, ev 6, mənzil 4 ünvanına gedən polis əməkdaşları qapını döysələr də, açan olmayıb. Bu zaman polis əməkdaşları məcburiyyət qarşısında qalıb, qapını sındıraraq mənzilə daxil olublar. Mənzildə 5 qadının meyiti aşkar olunub. Polisin ilkin ehtimalına görə, ölüm hadisəsi dəm qazından zəhərlənmə səbəbindən baş verib. Vəfat edən şəxslərin qonşuları dəm qazından zəhərlənmə ehtimalının az olduğunu, qadınların qida zəhərlənməsindən dünyalarını dəyişə biləcəyini düşünürlər. Qadınların hansı səbəbdən öldüyü ekspertizanın rəyindən sonra dəqiq məlum olacaq. Ekspertizanın ilkin rəyi sabah günorta suallarından sonra açıqlanacaq. 

 

Müəllif | Apa.Tv
Fərid Rəsulov

OXŞAR XƏBƏRLƏR