Bakıda sərnişin avtobusları üçün xüsusi hərəkət zolaqları çəkiləcək

Paytaxtın küçə və prospektlərində sərnişin avtobusları üçün xüsusi hərəkət zolaqları təşkil ediləcək.

 

APA TV-nin məlumatına görə, məqsəd Bakı şəhərində müntəzəm sərnişindaşımalarda təhlükəsizliyin və rahatlığın təmin edilməsi, habelə əhalinin ictimai nəqliyyatdan istifadəsinin stimullaşdırılmasıdır. Bu məqsədlə ümumilikdə 9 ünvan müəyyənləşdirilib. Artıq Füzuli və Səməd Vurğun küçələrinin kəsişməsi, Qış parkı boyunca müvafiq işlərə başlanılıb:

 

BNA-nın Mətbuat Xidmətinin rəhbəri Mais Ağayev bildirib ki, xüsusi hərəkət zolaqları yalnız sərnişin avtobusları üçün nəzərdə tutulub: "Bu xüsusi hərəkət zolaqları olduğu küçədən keçən marşrut xətlərində xidmət edən avtobuslar həmin hərəkət zolağına girə bilərlər. Digər nəqliyyat vasitələrinin həmin hərəkət zolaqlarından istifadəsi qadağandır".

 

Mais Ağayevdən hərəkət zolağının keçəcəyi ərazilərdə yaşayan sakinləri maraqlandıracaq açıqlama da var: "Həmin o yol kəsişmələrində, ara küçələrdə yaşayan sakinlərin rahatlığını təmin etmək üçün xüsusi nişanlar qoyulacaq və həmin o yerlərdən məhəllələrə daxil ola bilərlər".

 

Baş Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Vaqif Əsədov isə çəkiləcək yeni hərəkət zolağından istifadə etmək istəyən digər sürücülərə müraciət edib: "Çox güman ki, hərəkət zolaqları üzrə digər avtomobil sürücülərinin hərəkətində müəyyən edilmiş inzibati tənbeh tədbirləri də nəzərdə tutulub ki, bunu da digər sürücülər nəzərə almağı bacarmalıdır. İctimai nəqliyyat vasitələrinin hərəkətilə bağlı tələblər öz həllini tapdıqdan sonra bu barədə əlavə məlumat veriləcəkdir".

 

Qeyd edək ki, bu cür xətlərin ilkin olaraq Babək, Xocalı, Nobel və Gəncə prospektləri, habelə Mikayıl Useynov, Əhməd Rəcəbli, Füzuli, o cümlədən Mikayıl Əliyev və Yusif Səfərov küçələrində ümumi istifadədə olan nəqliyyat vasitələri üçün müvafiq yol nişanı qurulmaqla xüsusi hərəkət zolaqlarının çəkilişinə razılıq verilib.

 

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR