Azərbaycan və Fransa prezidentlərinin Parisdə görüşü - TAM VERSİYA
Parisdə, Yelisey Sarayında Azərbaycan prezidenti İlham Əliyevin fransalı həmkarı Fransua Ollandla görüşü olub.
APA TV-nin prezidentin mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, Yelisey Sarayının qarşısında dövlət başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Fransa prezidenti Fransua Olland prezident İlham Əliyevi qarşılayıb.
Dövlət başçıları birgə foto çəkdiriblər.
Görüşdə ölkələrimiz arasında əlaqələrin yüksək səviyyədə olmasından məmnunluq ifadə edilib. Qarşılıqlı səfərlərin ikitərəfli münasibətlərin inkişafı baxımından böyük əhəmiyyətə malik olduğu vurğulanıb. Ölkələrimiz arasında müxtəlif sahələrdə, o cümlədən nəqliyyat, kənd təsərrüfatı, infrastruktur, kosmik sənaye, turizm, bərpaolunan enerji, ətraf mühit sahələrində səmərəli əməkdaşlığın həyata keçirildiyi bildirilib.
Söhbət zamanı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı ətraflı fikir mübadiləsi aparılıb.
Görüşdən sonra prezident İlham Əliyevin və prezident Fransua Ollandın iştirakı ilə Azərbaycan-Fransa sənədlərinin imzalanması mərasimi olub.
“Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə Fransa Respublikasının Ətraf Mühit, Enerji, Dəniz və İqlim üzrə Beynəlxalq Əlaqələr Nazirliyi arasında Anlaşma Memorandumu”nu Azərbaycanın maliyyə naziri Samir Şərifov və Fransanın nəqliyyat, dənizçilik və balıqçılıq məsələləri üzrə dövlət katibi Alan Vidalies imzalayıblar.
“Fransanın İnkişaf Agentliyi ilə Azərbaycan Respublikası arasında Kredit Müqaviləsi”ni Azərbaycanın Fransadakı səfiri Elçin Əmirbəyov və Fransanın İnkişaf Agentliyinin baş direktorunun müavini Filip Boduen imzalayıblar.
“Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə Fransa Respublikasının Baş naziri yanında Dövlət İslahatları və Asanlaşdırma üzrə Dövlət Katibliyi arasında dövlət xidmətlərinin göstərilməsi sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”nu Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimov və Fransanın Baş naziri yanında Dövlət İslahatları və Asanlaşdırma məsələləri üzrə dövlət katibi Jan Vinsent Plase imzalayıblar.
“Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyaları Nazirliyi ilə Fransa Respublikasının İqtisadiyyat, Sənaye və Rəqəmsal Nazirliyi arasında innovasiya, informasiya və kommunikasiya texnologiyaları sahələrində əməkdaşlığa dair Anlaşma Memorandumu”nu Azərbaycanın maliyyə naziri Samir Şərifov və Fransanın sənaye, rəqəmsal və innovasiyalar üzrə dövlət katibi Kristof Sirugue imzalayıblar.
“Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə Fransa Respublikasının Mənzil və Davamlı Yaşayış Nazirliyi arasında Niyyət Protokolu”nu Azərbaycanın Fransadakı səfiri Elçin Əmirbəyov və Fransanın Azərbaycandakı səfiri Aurielia Buşez imzalayıblar.
Sənədlərin imzalanması mərasimindən sonra Azərbaycan prezidenti İlham Əliyev və Fransa prezidenti Fransua Olland mətbuata bəyanatlarla çıxış ediblər.
Prezident İlham Əliyev bildirib ki, Fransa Minsk qrupunun həmsədri kimi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli yolunda öz səylərini göstərir. Biz bu səyləri yüksək qiymətləndiririk. Dövlət başçısı 2014-cü ilin sonlarında F.Ollandın təşəbbüsü ilə Yelisey sarayında Ermənistan prezidenti ilə keçirdiyi görüşü xüsusilə qeyd edib: “Çox konstruktiv və müsbət bir görüş idi. Əfsuslar olsun ki, bu görüşdən sonra danışıqlar prosesində müəyyən durğunluq müşahidə olundu. Biz istəyirik ki, məsələ beynəlxalq hüququn norma və prinsipləri əsasında tezliklə öz həllini tapsın. Ermənistan beynəlxalq birlik tərəfindən tanınan Azərbaycan torpaqlarını uzun illərdir ki, işğal edib. Dağlıq Qarabağı və onun ətrafında yerləşən yeddi bölgəni işğal altında saxlayır. O bölgələrdən bütün Azərbaycan əhalisi, yüz minlərlə insan qovulub. Orada bütün infrastruktur və binalar dağıdılıb”.
Prezident İlham Əliyev ATƏT-in faktaraşdırıcı missiyalarının işğal edilmiş torpaqlara iki dəfə səfər etdiklərini və öz məruzələrində bunu ifadə etdiklərini xatırladıb: “BMT Təhlükəsizlik Şurası münaqişə ilə bağlı dörd qətnamə qəbul edib. Bu qətnamələrdə açıq-aydın göstərilir ki, erməni qüvvələri işğal edilmiş torpaqlardan dərhal və qeyd-şərtsiz çıxarılmalıdır. O qətnamələr 1990-cı illərin əvvəllərində qəbul edilmişdir. Ermənistan bu qətnamələrin icrasına görünür ki, meyilli deyil. Ona görə birinci mərhələ üçün hazırda tezliklə danışıqlar bərpa edilməlidir. Ermənistan danışıqlardan boyun qaçırmamalıdır. Cənab prezident Ollandın qeyd etdiyi kimi, status-kvo qəbuledilməzdir. Minsk qrupuna həmsədr olan ölkələrin prezidentləri - Fransa, Rusiya və Amerika prezidentləri bir neçə dəfə deyiblər ki, status-kvo qəbuledilməzdir. Biz də bunu deyirik və istəyirik ki, tezliklə status-kvo dəyişdirilsin və münaqişəyə son qoyulsun, bölgəmizdə sülh təmin edilsin və Azərbaycan köçkünləri öz doğma torpaqlarına qayıda bilsinlər”.
Fransa prezidenti qeyd edib ki, “Dağlıq Qarabağ məsələsi haqda danışdıq və bildirdik ki, mövcud status-kvo qəbuledilməzdir. Risklər var və biz bunu keçən ilin aprel ayında baş verən insidentdən də gördük”.
Fransua Olland danışıqların yenidən bərpa olunmasının əhəmiyyətini qeyd edib: “Minsk qrupunun həmsədri kimi istəyirik ki, digər həmsədrlər - ABŞ və Rusiya da bu prosesə töhfə versin. Düşünürük ki, parametrlər bəllidir və uzun müddətdir davam edən bu münaqişənin həlli yolunu tapmaq mümkündür. Hesab edirik ki, hər dəfə sülhə töhfəmiz beynəlxalq səviyyədə həyata keçirmək istədiyimiz fəaliyyətin və qurmaq istədiyimiz münasibətlərin məğzidir. Xüsusilə də gərginliklər olanda və hazırda Avropa ilə Türkiyə arasında olan vəziyyətdə. Bizim rolumuz aydın şəkildə bildirməkdir ki, nəyi qəbul edirik, nəyi qəbul etmirik. Avropa ilə Türkiyə arasında olan münasibətlərin sabitləşməsi üçün də töhfəmizi verməliyik. Digər mövzularda olduğu kimi, bu mövzu ilə də bağlı dialoqu təşviq etməliyik”.
Fransua Olland Azərbaycan ilə Fransa arasında bir çox sahələrdə, xüsusilə siyasi sahədə yaxşı əlaqələrin olduğunu qeyd edib: “Azərbaycanın regiondakı və regionun hüdudlarından kənardakı bütün tərəfdaşları ilə danışıqlar aparmaq sahəsindəki rolu bizə məlumdur. Bizim yeganə məqsədimiz sülhdür. Biz təkcə regionda deyil, eyni zamanda, qlobal səviyyədə təhdid olan və bizim də üzləşdiyimiz terrorizmə qarşı sülh axtarırıq”.
Olland bəyanatında Azərbaycan ilə Avropa İttifaqı arasındakı danışıqların başlanmasına da toxunub: “Biz istəyirik qarşıya qoyulan məqsədlərə nail olunsun. Şərq Tərəfdaşlığı çərçivəsində Avropa bu danışıqlara başlayıb və Fransa bunu elə ilk gündən dəstəkləyir”.
Martın 14-də Fransa prezidenti Fransua Ollandın adından Azərbaycan prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın şərəfinə şam yeməyi verilib.
Ziyafətdə çıxış edən Fransua Olland vurğulayıb ki, "Dağlıq Qarabağ münaqişəsinin həlli yollarının tapılmasında irəliləmək vaxtı çoxdan çatıb".
O qeyd edib ki, danışıqlar artıq 23 ildir, davam edir və tərəflər heç bir həlledici nəticəyə gəlməyib: "Status-kvodan pis bir şey yoxdur. 2016-cı ilin aprelində və bir neçə həftə bundan əvvəl baş verən toqquşmalar aydın göstərir ki, bu münaqişə heç vaxt tam dayanmayıb. Siz Fransanın ATƏT-in Minsk qrupunun rusiyalı və amerikalı həmsədrləri ilə birlikdə çıxış yolunun tapılmasına nə qədər səy göstərdiyini bilirsiniz. Bir neçə gün əvvəl Parisə səfər edən prezident Sarkisyana söylədiyim kimi, mən bunu Sizin qarşınızda da təkrar edirəm: Bu münaqişə hərbi yolla həll edilə bilməz. Belə ki, Amerika və Rusiya ilə birlikdə Fransa öz vasitəçilik səylərini yorulmadan davam etdirəcək. Bu səylər hərbi yola əl atmamaq, dövlətlərin ərazi bütövlüyünün qorunması və öz müqəddəratını təyin etmə prinsiplərinə əsaslanır. Fransa bu çərçivədə hər bir təşəbbüs göstərməyə hazırdır".
Azərbaycan prezidenti İlham Əliyev ziyafətdə nitq söyləyib: "Fransa regionun ən ağrılı problemi olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə ATƏT-in Minsk qrupunun həmsədridir. Ermənistanın hərbi təcavüzü nəticəsində Azərbaycan ərazisinin 20 faizi - tarixi torpaqlarımız olan Dağlıq Qarabağ və ətrafdakı 7 rayon işğal edilmiş, etnik təmizləmə siyasəti aparılmış və bir milyondan çox soydaşımız qaçqın və məcburi köçkün vəziyyətinə düşmüşdür. Münaqişə ilə bağlı BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsi, BMT Baş Məclisi, ATƏT, NATO, Avropa Parlamenti, Avropa Şurasının Parlament Assambleyası, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı və digər nüfuzlu beynəlxalq təşkilatların müvafiq qərar və qətnamələri var. Bu münaqişə ancaq beynəlxalq hüququn normalarına uyğun və Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır".
Dövlət başçısı bildirib ki, status-kvo qəbuledilməzdir.
"Fransa digər həmsədrlər kimi, bu barədə dəfərlərlə bəyanatlar verib. Təəssüflər olsun ki, Ermənistan buna məhəl qoymur və öz işğalçı siyasətindən əl çəkmir. Dağlıq Qarabağ əzəli və tarixi Azərbaycan torpağıdır. Ölkəmizin ərazi bütövlüyü danışıqlar mövzusu ola bilməz", - deyə İlham Əliyev vurğulayıb.
OXŞAR XƏBƏRLƏR
"Torqovı"da iaşə obyektləri YANDI - XƏSARƏT ALANLAR VAR
Abel Məhərrəmovun oğlu səfir vəzifəsindən geri çağırıldı
TƏCİLİ: Tərtərdəki dəhşətli hadisə ilə bağlı bir nəfər SAXLANILDI
Rusiyadan Ermənistana Azərbaycan üzərindən YÜK GÖNDƏRİLDİ
10 yeni stansiya tikiləcək – RƏSMİ AÇIQLAMA