Azərbaycan prezidenti: "Danışıqlar tezliklə bərpa edilməlidir"
"Fransa Minsk Qrupunun həmsədri kimi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli yolunda öz səylərini göstərir. Biz bu səyləri yüksək qiymətləndiririk". APA TV-nin məlumatına görə, bu fikirləri Azərbaycanda prezidenti İlham Əliyev Parisdə iki ölkə arasında sənədlərin imzalanması mərasimindən sonra mətbuata verdiyi bəyanatda deyib.
Dövlət başçısı fransalı həmkarına 2014-cü ilin sonlarında Yelisey sarayında Ermənistan prezidenti ilə keçirdiyi görüşü xatırladıb: "Çox konstruktiv və müsbət bir görüş idi. Əfsuslar olsun ki, bu görüşdən sonra danışıqlar prosesində müəyyən durğunluq müşahidə olundu. Biz istəyirik ki, məsələ beynəlxalq hüququn norma və prinsipləri əsasında tezliklə öz həllini tapsın. Ermənistan beynəlxalq birlik tərəfindən tanınan Azərbaycan torpaqlarını uzun illərdir ki, işğal edib. Dağlıq Qarabağı və onun ətrafında yerləşən yeddi bölgəni işğal altında saxlayır. O bölgələrdən bütün Azərbaycan əhalisi, yüz minlərlə insan qovulubdur. Orada bütün infrastruktur və binalar dağıdılıb. ATƏT-in faktaraşdırıcı missiyaları işğal edilmiş torpaqlara iki dəfə səfər edib və öz məruzələrində bunu ifadə ediblər".
Prezident BMT Təhlükəsizlik Şurası münaqişə ilə bağlı dörd qətnamə qəbul etdiyini xatırladıb: "Bu qətnamələrdə açıq-aydın göstərilir ki, erməni qüvvələri işğal edilmiş torpaqlardan dərhal və qeyd-şərtsiz çıxarılmalıdır. O qətnamələr 1990-cı illərin əvvəllərində qəbul edilmişdir. Ermənistan bu qətnamələrin icrasına görünür ki, meyilli deyil. Ona görə birinci mərhələ üçün hazırda tezliklə danışıqlar bərpa edilməlidir. Ermənistan danışıqlardan boyun qaçırmamalıdır. Cənab prezident Ollandın qeyd etdiyi kimi, status-kvo qəbuledilməzdir. Minsk Qrupuna həmsədr olan ölkələrin prezidentləri - Fransa, Rusiya və Amerika prezidentləri bir neçə dəfə deyiblər ki, status-kvo qəbuledilməzdir. Biz də bunu deyirik və istəyirik ki, tezliklə status-kvo dəyişdirilsin və münaqişəyə son qoyulsun, bölgəmizdə sülh təmin edilsin və Azərbaycan köçkünləri öz doğma torpaqlarına qayıda bilsinlər".
OXŞAR XƏBƏRLƏR
"Torqovı"da iaşə obyektləri YANDI - XƏSARƏT ALANLAR VAR
Abel Məhərrəmovun oğlu səfir vəzifəsindən geri çağırıldı
TƏCİLİ: Tərtərdəki dəhşətli hadisə ilə bağlı bir nəfər SAXLANILDI
Rusiyadan Ermənistana Azərbaycan üzərindən YÜK GÖNDƏRİLDİ
10 yeni stansiya tikiləcək – RƏSMİ AÇIQLAMA