Neft üçün "qara həftə": Qiymətlər 45 dollara kimi ucuzlaşa bilər

Federal Ehtiyat Sisteminin dolların faiz dərəcəsini artıracağına dair gözləntilər neftin qiymətinə neqativ təsirini saxlayır. FES qərarları ərəfəsində birjaların səhər seanslarında "Brent" neftinin bir bareli 51,65 dollardan satılır, Qərbi Texas neftinin bir bareli isə 48,54 dollardan təklif olunur.

 

Son 24 saat ərzində "Brent" neftinin qiyməti 50,31 dollara qədər enib. Qiymətlərin ucuzlaşmasına Amerika Neft İnstitutunun (APİ) Birləşmiş Ştatlarda hasil olunmuş neft ehtiyatlarının həcminə dair  açıqlayacağı hesabat da təsir göstərir. İlkin proqnozlara görə, həftə ərzində ABŞ-ın ehtiyatlarının həcmi 3 milyon barel artmalıdır.

 

Ötən həftə APİ ehtiyatların 1,14 milyon barel artacağını proqnozlaşdırsa da, rəsmi hesabatda bu rəqəm 10 dəfə çox açıqlanmış və bütün  proqnozlar alt-üst olmuşdu. Bu səbəbdən artımın 3 milyon barel olacağına dair proqnozlar bazar tərəfindən neqativ dəyərləndirilir. Əgər bu gecə açıqlanacaq rəsmi hesabatda artım proqnozdan üstün olsa, neftin qiyməti uzun müddətdən sonra ilk dəfə olaraq 50 dollarlıq həddin altına düşəcək.

 

Federal Ehtiyat Sisteminin qəbul edəcəyi qərar "qara qızıl"ın birja qiymətini 45 dollara kimi ucuzlaşdıra bilər. Xatırladaq ki, son bir ildə "Brent" markalı neftin qiyməti maksimum 58,37 dollar, minimum 37,27 dollar olub.

 

Müəllif | Apa.Tv
Fərid Rəsulov

OXŞAR XƏBƏRLƏR