Şollar suyunun Bakıya çəkilməsinin 100 illiyi qeyd olunur

Şollar-Bakı Su Təchizatı Qurğuları Kompleksinin 100 illik yubileyi qeyd olunur. APA-nın Şimal bürosunun verdiyi məlumata görə, I Bakı Beynəlxalq Su Həftəsi çərçivəsində keçirilən tədbirdə ölkəmizə gələn xarici qonaqlar, kompleksin layihə rəhbəri Uilyam Lindleyin nəslinin nümayəndələri bu gün  Ceyranbatan Ultrasüzgəcli Sutəmizləyici Qurğular Kompleksinə, Taxtakörpü su anbarına və Xaçmaz rayonu ərazisində yerləşən Şollar su mənbəyinə səfər ediblər. Şollar su mənbəyi ilə tanış olan qonaqlara bildirilib ki, Şollar-Bakı Su Təchizatı Qurğuları Kompleksi Abşeron yarımadasının içməli su ilə təmin olunması üçün yaradılmış ilk infrastrukturdur. Kompleks 1911-1917-ci illərdə ingilis mühəndis Uilyam Lindleyin layihəsi əsasında inşa edilib. 19-cu əsrin sonu, 20-ci əsrin əvvəllərində ağır iqtisadi şəraitə, gərgin və ziddiyyətli siyasi proseslərə baxmayaraq Şollar mənbəyindən Bakıya magistral su kəmərinin çəkilməsi mümkün olub.

 

Uilyam Lindley nəslinin nümayəndəsi bu su xəttinin dayısı tərəfindən inşa olunduğunu deyib: "Məni Şollar-Bakı Su Təchizatı Qurğuları Kompleksinin 100 illik yubileyini qeyd etmək üçün dəvət ediblər. Hansi ki, Bakını içməli su ilə təmin edir. Bu mənim ulu  dayım tərəfindən dizayn olunub. Bu inanılmaz layihədir. Uilyam Lindley Avropada bir çox layihələr edib, bu ən böyük proyektidir".

 

186 km uzunluğunda olan magistral su kəməri artezian üsulu ilə qazılmış 24 quyu və lay sularından qidalanır. 100 il fasiləsiz olaraq Bakını su ilə təmin edən mənbənin məhsuldarlığı demək olar ki dəyişməyib.

 

Müəllif | Apa.Tv
Vəli Turan

OXŞAR XƏBƏRLƏR