İlaxır çərşənbədə süfrədə niyə mütləq balıq olmalıdır?
Azərbaycanın hər bölgəsində Novruz bayramı özünəməxsus adət və ənənələrlə qeyd olunur. Cənub bölgəsində bu ənənələr bir qədər fərqlidir.
APA TV-nin Cənub bürosunun verdiyi xəbərə görə, bayram günləri Lənkəranda bayram süfrəsinə "S" hərfi ilə başlayan yeddi nemət qoyulur. Süfrədə sağlamlığı əks etdirən sarımsaq, ümidi bildirən səbzə, bərəkəti rəmzləşdirən sumax olur. Həmçinin süfrəyə varlığı əks etdirən sikkə, uzun ömrü bildirən saat və aydınlıq olsun deyə su qoyulur. Ən maraqlı məqam isə həmin gecə bölgənin bütün evlərində ziyad balığının bişirilməsidir.
Folklorşünas Yədulla Ağazadə bu adətin xalq inancı ilə bağlı olduğunu deyir: "Xızır peyğəmbər ölü bir balığı suya salır, balıq dirilir. Bu hadisə Novruz gecəsi olur. Yeniliyi, təzəliyi ilk dərk edən balıqdır, ona görə də balıq yeniliyin, oyanışın, qurtuluşun, yeni ilin ilk rəmzi kimi insanlar tərəfindən sevilir və süfrəyə qoyulur".
Bölgənin digər maraqlı adəti İlaxır çərşənbədə mütləq nişanlı qızların evinə pay aparılır, xonçalardan birində mütləq balıq olur.
Yədulla Ağazadənin sözlərinə görə, cənub bölgəsində bu tip bayram xonçaları "çilə xonçası" adlandırılır: "Biz tərəflərdə buna "çilə xonçası" deyərlər. Qız evinə oğlan evindən hədiyyələr, xonçalar aparılır, xonçalardan birində mütləq balıq olmalıdır. Balığın ağzına da hər kəs öz imkanına görə, kimsə üzük, kimsə başqa qızıl əşyalar salır. Bu əlbəttə ki, böyük hörmətin, diqqətin nəticəsi, insanların qarşı tərəfə olan məhəbbətinin ifadəsi etməkdir.
Qeyd edək ki, bölgənin bu adət-ənənəsini fürsət bilən işbazlar Novruz bayramı ərəfəsində ziyad balığının bir kiloqramının qiymətini 30 manata qədər qaldırırlar.
OXŞAR XƏBƏRLƏR
"Torqovı"da iaşə obyektləri YANDI - XƏSARƏT ALANLAR VAR
Abel Məhərrəmovun oğlu səfir vəzifəsindən geri çağırıldı
TƏCİLİ: Tərtərdəki dəhşətli hadisə ilə bağlı bir nəfər SAXLANILDI
Rusiyadan Ermənistana Azərbaycan üzərindən YÜK GÖNDƏRİLDİ
10 yeni stansiya tikiləcək – RƏSMİ AÇIQLAMA