Vahe Avetyan: "Münaqişə beynəlxalq hüquq normaları əsasında həll olunmalıdır, başqa yolumuz yoxdur"
"Torpaqların işğaldan azad olunmasının vaxtı çatıb". APA TV-nin xəbərinə görə, bu fikirləri Prezident Administrasiyası ictimai-siyasi şöbəsinin "Siyasi araşdırmalar, analitik təhlil" sektorunun müdiri Fuad Axundov "Dağlıq Qarabağ münaqişəsi: mənşəyi, sülhməramlılıq və vətəndaş cəmiyyətinin rolu" mövzusundakı elmi-praktik konfransda səsləndirib. O, deyib ki, son vaxtlar erməni xalqının mövqeyində bu məsələ ilə bağlı rasionallıq müşahidə olunur:
"Erməni xalqı müdrik xalqdır. İnternetdə yayılan informasiyalardan da görürük ki, artıq onlar rasional mövqe ortaya qoymağa başlayıblar. Bu gün bu tədbirdə erməni fəalları iştirak edirlər. Mən onlara xüsusi təşəkkür edirəm”.
Rusiya prezidenti yanında İctimai Palatanın üzvü Maksim Şevçenko isə ABŞ və ATƏT-in Minsk Qrupunun Dağlıq Qarabağ münaqişəsinin həllində maraqlı olmadığını önə çəkib. O, postsovet məkanının hazırda münaqişələrlə çalxalandığını vurğulayıb.
Erməni yazıçı-publisisti Vahe Avetyan öz çıxışında ötən ilin noyabrında erməni həmkarları ilə Bakıya son səfərlərinə toxunaraq, Bakıdakı "Xocalı" abidəsini ziyarət etdiklərini və bu addımın Ermənistan cəmiyyətində birmənalı qarşılanmadığını deyib. O, həmçinin iki xalqın düşmənçiliyinə səbəb olan tarixi bir kənara qoyub, tarixçilərin ixtiyarına buraxmağın, münasibətlərdə yeni səhifə açılmasının tərəfdarı olduğunu açıqlayıb.
Jurnalistlərə açıqlama verən Vahe Avetyan bildirib ki, son bir ay ərzində Azərbaycan və Ermənistanın ictimai xadimlərinin 1992-ci ildə törədilmiş Xocalı soyqırımı ilə bağlı birgə bəyanat müzakirə olunub. O, mühacirətdəki erməni yazıçı-dissidentlərinin bununla bağlı geniş bəyanatının olduğunu da deyib. Vahe Avetyan münaqişənin beynəlxalq hüquq normaları əsasında həll edilməli olduğunu vurğulayıb.
"Münaqişə beynəlxalq hüquq normaları əsasında həll olunmalıdır. Başqa normalar yoxdur. Əks təqdirdə biz sanki yenidən velosiped ixtira etməli və dünyanı öz yeni ideyalarımıza inandırmalıyıq. Dünya bu cür münaqişələri nizamlamaq üçün çoxdan beynəlxalq norma və hüquqları icad edib. Hər şey var, sadəcə iradə lazımdır".
Erməni əsilli Ukrayna vətəndaşı, əslən Dağlıq Qarabağdan olan tədqiqatçı Artur Ağacanov isə tarix boyunca Dağlıq Qarabağın münaqişələr meydanı olaraq qaldığını, müasir dünyada baş verən proseslərin isə buna son qoyulmasını diktə etdiyini söyləyib: "Xalqlarımız sülh şəraitində yaşamalı və bu prosesi neqativ deyil, pozitiv planda irəli aparmalıdır. Həmin gün gözlənildiyindən də yaxındır. Ən əsası isə hər iki tərəfdən sülh təşəbbüslərinin olmasıdır. Biz Azərbaycan tərəfdən bu istiqamətdə səylərin göstərildiyini müşahidə edirik. Ən azından "Bakı platforması" adını almış təşəbbüsləri qeyd edə bilərəm. Bu, çox müsbət haldır".
AMEA İnsan Haqları İnstitutunun əməkdaşı Rizvan Hüseynov bildirib ki, münaqişənin tarixinə bələd olan alimlərlə, əsasən də erməni tədqiqatçıları ilə fikir mübadiləsi aparılması olduqca vacibdir: "Onlar əsasən iki-üç istiqamətdə öz səsini ucaldırlar. Birincisi, Dağlıq Qarabağın həlli Azərbaycanın suverenliyi çərçivəsində olmalıdır, onlar bunu dəstəkləyir. İkincisi, onlar qeyd edəcəklər ki, saxta erməni tarixi Qafqazda ən böyük bəladır".
"Yaxın Şərq-Qafqaz" Araşdırmalar Mərkəzinin rəhbəri Oleq Kuznetsov martın 6-da 366-cı motoatıcı alayın Xocalıda törətdiyi soyqırımın tanınmasına çağırış petisiya irəli sürdüyünü xatırladıb: "İlk növbədə Rusiya qanunvericiliyi nöqteyi-nəzərindən də Dağlıq Qarabağın erməni separatçıları tərəfindən Xocalıdakı dinc sakinlərə qarşı törətdiyi cinayətlər soyqırımı anlayışına tamamilə uyğundur. Buna hansı hüquqi qiymətin veriləcəyi məndən asılı olmasa da, XX əsrin ən qatı cinayətinin tanıdılması məsələsinin qaldırılması olduqca mühümdür".
Qeyd edək ki, konfransda Dağlıq Qarabağ münaqişəsi, onun tarixi, ermənilərin əsrlər boyu türklərə qarşı törətdiyi cinayətlərin mənşəyi və digər məsələlərlə bsğlı mühazirələr dinləniləcək.
OXŞAR XƏBƏRLƏR
"Torqovı"da iaşə obyektləri YANDI - XƏSARƏT ALANLAR VAR
Abel Məhərrəmovun oğlu səfir vəzifəsindən geri çağırıldı
TƏCİLİ: Tərtərdəki dəhşətli hadisə ilə bağlı bir nəfər SAXLANILDI
Rusiyadan Ermənistana Azərbaycan üzərindən YÜK GÖNDƏRİLDİ
10 yeni stansiya tikiləcək – RƏSMİ AÇIQLAMA