Azərbaycan tarını öyrənməyə gələn özbək tələbə: "Ölkəmdə sizin tarı tədris edəcəyəm"
Türk dünyasının ortaq dəyərlərindən biri də muğam sənətidir. Bir çox türk xalqları bu dəyəri qorumaqda davam edirlər. İllərdir bu istiqamətdə böyük layihələr həyata keçirilir. Nəticədə sərhədləri aşaraq, digər ölkəyə gedib, yerli sənətkarlardan muğamın sirlərini öyrənmək istəyində olanlar da az deyil. Onlardan biri də Ağabəy Mansurovdur. O, Özbəkistandan Azərbaycana musiqi təhsili almağa gələn ilk tələbədir.
Ağabəyin 20 yaşı var. Vətənində rübabda ifa etməyi öyrənib. Lakin tarı dinlədikdən sonra bu alətə sevgi yaranıb. İlk dəfə bu aləti əlinə 4 ay öncə alıb.
Ağabəy Azərbaycan dilində sərbəst danışır. Qərara gəlib ki, musiqimizlə yanaşı, dilimizi də öyrənsin.
“Tar musiqisini çox dinlədim. Mənə maraqlı gəldi. Ona görə tarı seçdim. Öyrənmək istədim. Əslində, Özbəkistanda da tar var. Mənə maraqlı gələn bizimkindən fərqli ifa oldu. Bizim şaşmakomda Bayat, Nəva var. Azərbaycanda da var. "Rast" muğamı bizdə də var. Gəldiyimdən bəri çox yerlərə getmişəm. Özümə lazım olanları almışam”.
Ağabəy gələcəkdə tar alətinin tədrisi ilə məşğul olmağı planlaşdırır. Lakin özümü solo ifaçı kimi görmür.
“Özbəkistana dönüb, tar ifasını dostlarıma öyrədəcəyəm. Orada təhsil verəcəyəm. Mən tək çalmağı sevmirəm”.
Ağabəy Azərbaycan tarını ən çox Elçin Haşımovun ifasında sevib. Özü belə deyir. Bu səbəbdəndir ki, məhz Elçin müəllimin sinfində hazırlıq keçməyi qərara alır. Hərçənd, Ağabəy üçün ilkin mərhələdə müəyyən çətinliklər olacaq. Müəllimi belə deyir: “Müəyyən vibrasiyalar var ki, bizim tarımıza spesifik deyil. Bizdə dərs prosesində gördüyünüz “xum” ancaq Azərbaycan tar sənətinə xasdır. Məsələn, biz sarı simdə alt mizrabdan çox istifadə etmirik. Onlarda isə əksinədir. Ümumiyyətlə, belə incəliklər çoxdur. Hətta pərdələrdə də fərq var. Mən onun tarının pərdələrini çəkib düzəltmişəm ki, əziyyət çəkməsin. Həm də öz muğamımıza uyğun düzəldirəm ki, səslənmə qulağımıza xaric gəlməsin”.
Hazırlıqlar yeni başlasa da Elçin Haşimov Ağabəydən razıdır: “Ən qorxduğum şey götürümü idi. Muğamda bu çox vacibdir. Çünki mən ifa edirəm, o təkrar edir. Gec qaytarırsa, məsələ çətinləşir. Qorxurdum ki, götürüm qabiliyyəti zəif olar. Yaxşıdır. Əsas odur ki, keçən dərslə bu dərs arasında fərq hiss edirəm. Bu da sənətə məhəbbətdən irəli gəlir. Bir şeyi ki, ürəkdən istəyirsən, mütləq ona doğru gedirsən”.
Tez-tez səfərlərdə olan, paralel olaraq, pedaqoji fəaliyyətlə məşğul olan Elçin müəllimin əcnəbi tələbələri çox olub. Bunun müsbət tərəfi odur ki, həmin tələbələr gələcəkdə öz ölkələrində Azərbaycan mədəniyyətinin elçiləri olurlar.
“Azərbaycan musiqisi elə bir musiqidir ki, əcnəbi tələbələr maraqla izləyir. Bunu özüm dəfələrlə festivallarda, tədbirlərdə görmüşəm. maraqla izlənilən musiqidir. Dünya bu musiqini öyrənməyə çox meyllidir. Biz bu mənada əlimizi onlara açmalıyıq. Onların gəlişinə şərait yaratmalıyıq . Milli Konservatoriyanın bir çox musiqi ocaqları ilə müqavilələri var. Bu, ölkəmizin tanınması deməkdir”.
Ağabəy bizim vasitəmizlə Milli Konservatoriyada onun üçün yaradılan şəraitə görə minnətdarlığını bildirir. Biz də öz növbəmizdə özbəkistanlı qonağımıza uğurlar diləyirik.
OXŞAR XƏBƏRLƏR
"Torqovı"da iaşə obyektləri YANDI - XƏSARƏT ALANLAR VAR
Abel Məhərrəmovun oğlu səfir vəzifəsindən geri çağırıldı
TƏCİLİ: Tərtərdəki dəhşətli hadisə ilə bağlı bir nəfər SAXLANILDI
Rusiyadan Ermənistana Azərbaycan üzərindən YÜK GÖNDƏRİLDİ
10 yeni stansiya tikiləcək – RƏSMİ AÇIQLAMA