İlaxır çərşənbə adətlərimiz - REPORTAJ
Novruz, gəlir yaz gəlir. Bu gün çərşənbələrin sonuncusu - İlaxır çərşənbədir. Yəni, Novruzun bir addımlığındayıq. Bu çərşənbə xalq arasında “Axır çərşənbə”, “Torpaq çərşənbəsi”, “Çərşənbə-suri” adları ilə tanınır. Hansı adət-ənənələrimizi bu gözəl günə kimi gətirib çıxarmışıq? Bayram günü süfrəmizi necə bəzəməliyik?
Paytaxt sakinlərinin fikri fərqlidir.
"Qoz, fındıq, badam, iydə. Bir də axır çərşənbənin bəzəyi səmənidir. Səməni süfrələrə ruzi-bərəkət gətirir. Yaşıllıq süfrəyə həm də bərəkət verir. Arzu edirəm ki, səməni hər kəsin süfrəsinin bəzəyi olsun".
"Süfrəyə gücüm çatan nemətlərdən düzəcəyəm. Şam yandıracağıq. Bütün qohumlar yığışacaq bir yerə. Bir-birimizə ən yaxşı sözləri deyəcəyik. Süfrəmizin bəzəyi olan aş və dolma da olacaq" .
"Bilirəm ki, süfrəyə 7 dənə "S" hərfi ilə başlayan nemətlər düzülür. Məsələn, su, səməni və s".
Torpaq çərşənbəsi digər çərşənbələrdən xüsusilə fərqlənir. Torpaq insan yaradılışının əsas maddi əsası olmaq etibarilə bu prosesdə son dərəcə əhəmiyyətli mövqeyə malikdir.
AMEA Folklor İnstitutunun böyük elmi işçisi Atəş Əhmədli qeyd edib ki, torpaq müqəddəsliyinin türk mifoloji görüşləri ilə bərabər, etnik-əxlaqi dəyərlər sistemində yurd, vətən, el-oba anlayışı, yaradılışın maddi əsası olmasından irəli gələrək sakral mifoloji semantikaya da malikdir.
Yazda torpağın oyanması mifik kökləri etibarilə dirilmə, canlanma anlayışı ilə əlaqədardır. Bu isə ilk növbədə insanın yaradılışı mifindən qaynaqlanır.
Axır çərşənbədə tonqal qalamaq, aş dəmləmək, səməni göyərtmək, xonça bəzəmək , qapı pusmaq, şam yandırmaq, bayramlaşmaq və s. kimi adət ənənələr bu gün də öz aktuallığını qoruyur.
Tədqiqatçı deyir ki, sonuncu çərşənbə sayılan Torpaq çərşənbəsi digər çərşənbələrdən fərqli olaraq daha təntənəli keçirilir. Axırıncı çərşənbə özünəməxsus ayin və mərasimləri ilə digər çərşənbələri geridə qoyur.
"Bu bayramın ən əhəmiyyətli tərəfi xalqın birləşməsi, bərabərləşməsidir. Bir yerə toplaması və bütövləşməsidir, böyüməsi, güclü olmasıdır. Əvvəla biz deyirik il dəyişir. İl dəyişəndə gecə-gündüz bərabərliyi baş verir. Bu il ilin təhvili anı martın 20 saat 10.28 dəqiqəyə təsadüf edir".
İnanclara görə, İlaxır çərşənbədə şamı yarımçıq söndürməzlər, ailə üzvlərinin sayına görə şam yandırar, evdən od, kibrit, neft, ağartı, un, çörək verməzlər. Axır çərşənbə gecəsi tez yatmazlar, evdə qazan asarlar, vəfat etmiş yaxın adamları yada salarlar, vəfat etmiş yaxın adamların adını çəkib "filankəslərin adına qazan asdım" deyib qazana ət, düyü və s. tökərlər. Axır çərşənbə günü ertədən lampa yandırarlar.
Bu kimi adət-ənənələrlə yanaşı Novruz falları da çox məşhurdur.
İlaxır çərşənbə sübh tezdən bulağa, çaya getməklə başlayır. İnsanlar bulaq başına, çay kənarına gələr, oradan su götürər, suyun üstündən atlanar, dərdini, arzusunu suya danışar və sudan dilək diləyərlər.
"Daha çox ərgən gənclər , qızlar və oğlanlar gələcəkdə nə vaxt ailə quracaqlarını, həyat yollarının necə olacağını bilmək üçün fal icra edirlər, buna daha çox qızlar meylli olur. Bu da təsadüfi deyil. İnsanlar sanki yeni ildən bu uğuru gözləyirlər. Məsələn, papaqatdı da uşaqların sevə-sevə icra etdiyi Novruz ritualıdır. Ritullardan ən maraqlısı da xoş söz eşitməkdir. Həmin günün pis söz danışmaq, əli qoynunda durmaq olmaz".
Bu gün camaatın gur yığışdığı və yaşadığı yerlərdə yumurta döyüşdürülür, digər xalq oyunları keçirilir. Qız-gəlinlər ev-eşikdə təmizlik işlərinə başlayarlar. Ev-eşik silinib-təmizlənər, yorğan-döşək günə verilər, qapı-baca açıq qoyular, evin havası dəyişdirilər. Kişilər də həyət-bacada əsaslı işə başlayarlar. Bağ-bağata əl gəzdirər, həyət-bacanı səliqə-sahmana salarlar.
O, ki qaldı süfrələrin bəzənməsinə....
"Süfrədə balıq çox vacibdir. Balığın olması ilin dəyişilməsini ehtiva edir. Ümumiyyətlə bu bayramda süfrələrə qoyulan nemətlərin çeşidi hədsiz çox olur. Rəngarənglik çoxdur. Dənli bitkilərin çeşidi çox olduğundan 7 say rəqəmini bəzən süfrədə əmələ gətirməyə çalışırlar. Bəzən bu say rəqəminin şirniyyatların növlərinin sıralanması ilə də süfrəyə düzmək olar".
Atəş Əhmədlinin sözlərinə görə, İlaxır çərşənbə mahiyyət baxımından özündən əvvəlki üç çərşənbənin ümumiləşdirilmiş - yekunlaşdırıcı şənliyidir. Köhnə ilin yola salınması və Novruzun qarşılanması həvalə olunur.
Süfrələrinizdən ruzi-bərəkət əksik olmasın! İlaxır çərşənbəniz mübarək!
OXŞAR XƏBƏRLƏR
"Torqovı"da iaşə obyektləri YANDI - XƏSARƏT ALANLAR VAR
Abel Məhərrəmovun oğlu səfir vəzifəsindən geri çağırıldı
TƏCİLİ: Tərtərdəki dəhşətli hadisə ilə bağlı bir nəfər SAXLANILDI
Rusiyadan Ermənistana Azərbaycan üzərindən YÜK GÖNDƏRİLDİ
10 yeni stansiya tikiləcək – RƏSMİ AÇIQLAMA