Neft bazarı FES-in qərarını gözləyir, qiymətlər ucuzlaşmaqda davam edir

Neft bazarında pessimist əhval-ruhiyyə hökm sürür. Federal Ehtiyat Sisteminin növbəti toplantısı ərəfəsində birjalarda neftin qiyməti 51 dollar ətrafında sabitləşir. Son 24 saat ərzində "Brent" markalı neftin qiyməti 50,95 dollarla 51,65 dollar arasında dəyişib. Hazırda birjalarda bu markadan olan neft 51,41 dollara satılır.

 

Qərbi Texas neftinin qiyməti də aşağı hədlərdə sabitləşməkdədir. Dünən WTİ neftinin minimum qiyməti 47,95 dollar, maksimum qiyməti 48,62 dollar olub. Hazırda hərraclarda bu markadan olan neft 48,44 dollardan təklif olunur.

 

Bu gün axşam saatlarında ABŞ-ın neft ehtiyatlarının həcminə dair növbəti həftəlik hesabat açıqlanacaq. Amerika Neft İnstitutunun açıqlayacağı hesabat qeyr-rəsmi xarakter daşısa da, qiymətlərə ciddi təsir gücünə malikdir. ABŞ-da ehtiyatlarının həcminin proqnozlaşdırılan miqdardan artıq olması neftin ucuzlaşmasını sürətləndirə bilər, bəzi analitiklər qiymətlərin 49 dollar səviyyəsinədək enəcəyini istisna etmirlər. Bu prosesi ləngidə biləcək yeganə amil OPEK cəbhəsindən gələn açıqlamalar ola bilər. Son vaxtlar bazarda ABŞ-dan qaynaqlanan faktorların təsirini azaltmaq məqsədilə OPEK rəsmiləri hər çərşənbə axşamı bəyanatlarla çıxış edirlər. Analoji bəyanatlardan birinin bu gün veriləcəyi istisna deyil.

 

Müəllif | Apa.Tv
Vüqar Məsimoğlu

OXŞAR XƏBƏRLƏR