Ərdoğan: “Avropa şərəfsizlik edir”

“Avropa İttifaqı ilə münasibətlərin yenidən baxılması gündəmdə qalmaqdadır”. APA TV-nin məlumatına görə, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan “A Haber” telekanalının efirində bildirib. “Mənim Avropa İttifaqı ilə bağlı  fikirlərim bəllidir. Avropa əvvəlki kimi bizim başımızı aldadır. Onlar şərəfsizlik nümayiş etdirir. Qaçqınlara görə vədlər vermişdilər, 6 milyard avrodan danışırdılar. Gələn 750 milyon oldu. Viza rejiminin liberallaşdırılması məsələsi də eyni, 2016-cı ilin sonunda qüvvəyə minməli idi, o da olmadı”, deyə Ərdoğan bildirib.

 

Türkiyə prezidenti həmçinin Hollandiyada türkiyəli nazirlərin çıxışlarının yasaqlandığına görə Avropa İnsan Haqları Məhkəməsinə müraciət ediləcəyini, bununla yanaşı, rəsmi Amsterdamdan son hadisələrin hesabının sorulacağını bildirib:

 

“Xarici işlər nazirimiz Hollandiya səfirinin qayıtmamasını bildirib. Bizim onsuz da orada səfirimiz yoxdur. Oradakı səfir hazırda mənim müşavirimdir. Orada müvəqqəti işlər vəkilimiz var və hazırda iş başındadır. Bu barədə baş nazirimizlə müzakirə aparacağıq. Bunların Vyana konvensiyası kimi dərdi yoxdur. Bu sənədlərin hamısı ayaqlarının altındadır. Bunların Vyana konvensiyası faşistlikləridir. Nasizm... Buna neonasizm deyə bilərik”.

 

Türkiyə prezidenti Rotterdamda türklərin etiraz aksiyasının zorakılıqla dağıdılmasını pisləyib, polis itlərinin ayağını parçaladığı Türkiyə vətəndaşının əmək qabiliyyətini üç ay müddətinə itirdiyini deyib:

 

“Atları insanların üzərinə sürmələri, itlərlə bərabər hücum etmələri bunların gerçək simasını göstərir. Orada at izi it izinə tam qarışdı. Qərbin gerçək üzünü göstərirlər. Biz belə görmək istəməzdik. Almaniyanın kansleri də Hollandiyanın yanında yer alır. Sənə yazıqlar olsun. Demək, sən də eyni beyindəsən”.

 

Almaniyanın baş kansleri Angela Merkel Türkiyə ilə yaranmış problemə münasibət bildirərkən Hollandiya hökumətinə dəstək verib.

 

Müəllif | Apa.Tv

OXŞAR XƏBƏRLƏR