Biznes ideyası ver, dövlətdən əvəzsiz maliyyə yardımı al - ÖZÜNÜMƏŞĞULLUQ PROQRAMI
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi özünüməşğulluq proqramı çərçivəsində aztəminatlı ailələrin fərdi təsərrüfatlarını yaratması üçün onların mal və materiallarla təminatını davam etdirir. Qəbələ və İsmayıllı rayonuna gedən nazirliyin əməkdaşları bu layihədən yararlanan ailələrlə görüşüblər.
Qəbələ rayonu Çuxur Qəbələ kənd sakini Amil Kərimovun tövləsi və otlaq sahəsi olsa da, bu günədək şəxsi təsərrüfat qurmağa maddi imkanı olmayıb. O, imkansızlıq üzündən iş tapmaq məqsədilə Qəbələ rayon Məşğulluq Mərkəzinə müraciət edib. Aztəminatlı ailə kimi qeydiyata alınan Kərimovlar ailəsinə prezident İlham Əliyevin aztəminatlı ailələrin sosial rifahının yaxşılaşdırılması məqsədi ilə imzaladığı sərəncama əsasən nağd pul şəklində vəsait verilib.
“Mənə 4 baş iri buynuzlu heyvan almaq üçün pul verdilər. Mən kiçik düyələr aldım. İndi ailəmi dolandırmaq üçün əldə etdiyim bu heyvanları bəsləyirəm. Heyvanlara yaxşı qulluq edərək gələcəkdə onların sayını artıracağam, təsərrüfatımı genişləndirəcəyəm".
Arıçılıqla məşğul olan Qəbələ rayonu Laza kənd sakini Nadir Muştaqov şəxsi təsərrüfatındakı arı ailələrinin sayını artırmaq və sahibkarlıq fəaliyyətini inkişaf etdirərək daha çox məhsul istehsal etmək üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət edib. Dövlətdən 4000 manat maddi dəstək alan ailə başçısı 15 baş yeni arı ailəsi alıb.
“Qəbələ rayon Məşğulluq Mərkəzi məni işsiz kimi qeydiyyata alıb və bu yeni layihədən yararlandım. Mən uzun illər arıçılıq sahəsində çalışıram və böyük təcrübəm var. Yaşadığım Laza kəndi dağlıq və meşəlik ərazidə yerləşdiyi üçün arıçılığı daha da inkişaf etdirə biləcəyimə əminəm”.
Qəbələ şəhər sakini Abuzər Abdullayev rayonda kompüter xidmətləri və servisi mərkəzi açmaq üçün bu layihədən yararlanıb. O, deyir ki, layihə müddəti ərzində rastlaşdığı bütün çətinliklər dövlət tərəfindən qarşılanıb. Ona təzə kompüterlər, çap və poliqrafiya avadanlıqları almaq üçün maddi yardım edilib.
“Mən işsiz idim, məşğulluq mərkəzində qeydiyyata düşdüm. Mənə avadanlıq verildi və şəxsi biznesimi qurdum”.
Qəbələ rayonu Vəndam qəsəbə sakini Elman Niftəliyev maddi durumu zəif olduğu üçün ailəsini dolandırmaqda çətinlik çəkirmiş və həyətində mal-qara bəsləmək və ailə biznesi qurmaq üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət edib.
“Həyətyanı sahəm və geniş tövləm olduğu üçün mal-qara saxlamaq istəyirdim. İnək almağa pulum yox idi. Məşğulluq Mərkəzinə müraciət elədim. Məni təlimlərə cəlb elədilər, Bakıda imtahan verdim və sonra mənə 4 baş iri buynuzlu heyvan verdilər. İndi inəklərin süd və qatığını sataraq ailəmi dolandırıram. Ətlik heyvanımı isə böyüdərək satacağam. Gələcəkdə şəxsi mal-qara təsərrüfatımı genişləndirmək istəyirəm”.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi prezidenti İlham Əliyev tərəfindən qarşıya qoyulmuş tapşırıqların yerinə yetirilməsi üçün layihənin icrasını diqqətdə saxlayır. Rayon məşğulluq mərkəzinin nümayəndələri tez-tez layihə iştirakçıları ilə görüşərək onlara verilən mal və materialdan neçə istifadə etdiklərini yoxlayırlar. Bu layihə üzrə artıq 10 rayonda ümumilikdə 126 iştirakçının biznes planlarının reallaşdırılmasına başlanılıb. Bura kənd təsərrüfatı, istehsal, ticarət və xidmət sahələri daxildir.
Nazir müavini Mətin Kərimlinin sözlərinə görə, ölkə üzrə 1500 nəfərin özünüməşğulluq proqramına cəlb edilməsi nəzərdə tutulur: "Ötən bir il ərzində Beynəlxalq Əmək Təşkilatı ilə birgə 136 nəfər təlimçi hazırlanaraq bu proseslərə cəlb edilib. Ölkə üzrə 1820 nəfər vətəndaş iki aylıq təlim kurslarına cəlb edilib. Onlardan 1500 nəfər öz biznes ideyalarını uğurla müdafiə edib və onlara aktivlərin verilməsinə başlanılıb. Artıq 25 şəhər və rayonda aktivlərin verilməsi prosesi həyata keçirilir. Bu proqram özünü doğruldub və Azərbaycan hökuməti tərəfindən həyata keçirilən sosial müdafiə siyasətinin ayrılmaz bir hissəsinə çevrilib. Biz özünü məşğulluqla bağlı dünya təcrübəsini araşdırmışıq. Bir çox ölkələrdə bu layihələrə maddi dəstək kreditlər şəkilində verilir. Lakin, Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə işsiz vətəndaşlara öz şəxsi bizneslərini qurmaq üçün bu vəsaitlər əvəzsiz şəkildə verilir”.
Qeyd edək ki, Qəbələ, İsmayıllı, Göyçay, Ağsu, Laçın, Tərtər, Hacıqabul, Ağcabədi, Beyləqan, Xocavənd rayonlarında reallaşdırılan layihədə Qəbələ rayonu üzrə 16 və İsmayıllı rayonu üzrə 6 nəfər iştirakçıya biznes planlarına uyğun olaraq fərdi təsərrüfatlarının qurulması üçün mal və materiallar verilib. Bu proses ölkənin digər rayon və şəhərlərində də davam etdiriləcək.
OXŞAR XƏBƏRLƏR
"Torqovı"da iaşə obyektləri YANDI - XƏSARƏT ALANLAR VAR
Abel Məhərrəmovun oğlu səfir vəzifəsindən geri çağırıldı
TƏCİLİ: Tərtərdəki dəhşətli hadisə ilə bağlı bir nəfər SAXLANILDI
Rusiyadan Ermənistana Azərbaycan üzərindən YÜK GÖNDƏRİLDİ
10 yeni stansiya tikiləcək – RƏSMİ AÇIQLAMA