Çavuşoğlunun Niderlanda buraxılmaması görünməmiş hadisədir - EKSPERTLƏR
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun Hollandiyaya buraxılmaması, ailə və sosial siyasət naziri Fatma Kayanın isə ölkədən çıxarılması iki dövlət arasında münasibətləri pozub. Siyasi sərhçilər hesab edir ki, Hollandiyanın bu addımı heç bir beynəlxalq qaydalara və siyasi etikaya sığmayan hərəkətdir. Rəsmi Amsterdamın türkiyəli nazirlərin seçkiqabağı təbliğat aparmasına icazə verməməsi Hollandiyada martın 15-də keçiriləcək parlament seçkiləri ilə əlaqələndirilir. Qafqaz Strateji Araşdırmalar Mərkəzinin əməkdaşı Nazim Cəfərsoyun fikrincə, miqrantların və müsəlmanların ölkəyə girişinə qarşı olan Geerd Vildersin radikal millətçi Azadlıq Partiyası - VVD cəmiyyətdə radikal fikirlərin güclənməsindən yararlanmaq və səs qazanmaq istəyir.
"Bu məsələlər daha çox qapalı qapılar arxasında həll olunur. Ancaq Hollandiya bunu populyar siyasət gündəminə çevirdi. Hesab edirəm ki, bu da təsadüfi deyil. İki məsələ var. Birincisi, düşünürəm ki, Hollandiya tərəfi öz ictimaiyyətinə, xalqına seçki ərəfəsində millətçi mesajlar vermək üçün istifadə etdiyini düşünürəm. Türkiyə tərəfi də eyni ritorika ilə çıxış edərək bunu daha geniş formada ortaya qoyur".
Türkiyəli siyasi şərhçi Onur Öymən isə hesab edir ki, siyasətçilərin seçkiöncəsi başqa ölkədə təbliğat aparması beynəlxalq təcrübədə mövcuddur. Türkiyə hakim partiyası və müxalif nümayəndələri Avropada təbliğat aparıblar və bunun qarşısını əvvəllər heç almayıblar. Amma indiki halda Rəcəb Tayyib Ərdoğanla münasibətlər gərgin olduğuna görə, belə addım atırlar.
"Xarici işlər nazirinin ölkəyə buraxılmaması, ailə və sosial siyasətlər nazirinin konsulluğa girişinə icazə verilməməsi beynəlxalq münasibətlərdə, diplomatiyada görülməmiş hadisələrdir. Türk millətini incidəcək addım ortaya çıxdı. Hollandiyanın hərəkəti nə demokratiya qaydaları, nə də öz qanunları ilə uyğun gəlmir. Bundan bir neçə gün öncə seçki kampaniyası üçün bəzi hollandiyalı siyasətçilər Londonda belə bir təbliğat toplantısı keçiriblər. Obama da seçkilərdən əvvəl Almaniyada amerikalı vətəndaşlar arasında seçki təbliğatı apardı. Yəni bu ilk dəfə olan bir hadisə deyil".
Politoloqlar hesab edir ki, Hollandiyanın bu hərəkəti yalnız siyasi deyil, iqtisadi əlaqələrə də təsir edəcək. İki dövlət arasında ticarət mübadiləsi təxminən 5 milyard dollara yaxındır. Bundan başqa Hollandiyadan Türkiyəyə hər il milyona yaxın turist gəlir. İki ölkə arasında əlaqələr kəsilsə, bu ilk növbədə Türkiyə iqtisadiyyatına ciddi təsir edəcək.
OXŞAR XƏBƏRLƏR
"Torqovı"da iaşə obyektləri YANDI - XƏSARƏT ALANLAR VAR
Abel Məhərrəmovun oğlu səfir vəzifəsindən geri çağırıldı
TƏCİLİ: Tərtərdəki dəhşətli hadisə ilə bağlı bir nəfər SAXLANILDI
Rusiyadan Ermənistana Azərbaycan üzərindən YÜK GÖNDƏRİLDİ
10 yeni stansiya tikiləcək – RƏSMİ AÇIQLAMA