Avtomobillər üçün təhlükə törədən qurumuş ağaclar - SOS

Şimal bölgəsində magistral yolların kənarlarında yerləşən qurumuş və yol hərəkətinə maneə yaradan ağaclar kəsiləcək.

 

APA TV-nın şimal bürosunun məlumatına görə, bununla bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin ekspertiza idarəsi tərəfindən müvafiq rəy verilib. Bu tip ağaclar artıq nömrələnib.
 

Bakı-Quba yolunun Şabran və Quba rayonları ərazisinə düşən hissəsində qurumuş və budanma üçün 402 ağac müəyyənləşdirilib. Bu ağaclardan 140-ı quruduğuna görə kəsiləcək, qalanlarında isə müvafiq budama işləri aparılacaq. Gəndob-Yalama yolunda isə 59 ağacın kəsilməsi, 261 ağacda budama işlərinin aparılması nəzərdə tutulub.

 

Kənd sakini Fazil Balayev deyir ki, qurumuş ağaclar yolla hərəkət edən avtomobillər üçün təhlükə yaradır: "Bu ağacların çoxu quruduğu üçündə qəzalı vəziyyət yaradır. Bura Quba-Xaçmaz yoludur maşınlar tez-tez hərəkət edir. Küləkli havalarda həmişə böyük budaqların qırılıb düşməsi hallarına təsadüf olunur".

 

Kənd sakini Əmrayev Daşdəmir ağacların budanmasının tərəfdarıdır: "Bu ağaclar çoxdan əkilib, əksəriyyəti quruyub, quru budaqları kəsib yaşıllaşdırmaq olar, boş yerləri yenisi ilə əvəzləmək olar. Bu ağacların yolun qırağında olması yola estetik görünüş verir".

 

Yaxın günlərdə yol kənarında qurumuş ağacların kəsilməsi prosesinə start veriləcək.

 

 

Müəllif | Apa.Tv
Vəli Turan

OXŞAR XƏBƏRLƏR