Niderland baş naziri: "Türkiyədən üzr istəməyəcəyik"

Niderland hökumətinin başçısı Mark Ryutte Türkiyə hökumətindən üzr istəməyəcəyini açıqlayıb. APA TV-nin məlumatına görə, baş nazir bildirib ki, türkiyəli nazirlərin ölkəyə buraxılmamasına Ankaradan üzr istəmək niyyətində deyil.

 

"Mən gərginliyi azaltmağa kömək etmək istəyirəm, amma Türkiyədən üzr istəmək niyyətim yoxdur".

 

Niderland Krallığının xarici işlər naziri Bert Kunders də baş nazirin mövqeyini dəstəkləyib: "Bizim Ankaradan üzr istəməyimiz tam şəkildə istisna olunur. Niderland hökuməti müvafiq tədbirlər görmək niyyətindədir, çünki vəziyyət getdikcə gərginləşir".  

 

Xatırladaq ki, Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ölkəyə buraxılmadığına görə Niderland hökumətindən üzrxahlıq tələb edib. "Bild" qəzetinin yazdığına görə, martın 8-də Almaniyanın xarici işlər naziri Ziqmar Qabriel türk həmkarına müraciət edərək Niderland səfərini təxirə salmağı xahiş edib. Nazir öz xahişini Niderlandın parlament seçkiləri ərəfəsində olması ilə əsaslandırıb. Amsterdamda hesab edirlər ki, seçkilər ərəfəsində türk rəsmilərinin Niderlandda mitinq keçirməsi ölkədə Türkiyə və islam əleyhdarlarının sayını artıra bilər.

 

Xatırladaq ki, Mövlud Çavuşoğludan sonra Türkiyənin ailə və sosial siyasət naziri Fatma Kaya maşınla Niderlanda gedib. Lakin Niderland hökuməti naziri "arzuolunmaz şəxs" elan edərək polisin müşayiəti ilə ölkədən çıxararaq Almaniyaya göndərib. 

Müəllif | Apa.Tv
Elvin Bayramlı

OXŞAR XƏBƏRLƏR