Həmsədrlər: "Aprel hadisələrinin ildönümü cəbhədə deyil, danışıqlar masasında qeyd olunmalıdır"
"Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində Azərbaycan və Ermənistan prezidentlərinin Vyana və Sankt-Peterburq razılaşmaları icra olunmalıdır”. APA TV-nin məlumatına görə, bu fikirləri Bakıda səfərdə olan ATƏT-in Minsk Qrupunun rusiyalı həmsədri İqor Popov deyib. Diplomat bildirib ki, həmsədrlər Bakıda Azərbaycan prezidenti ilə görüşdə danışıqlar masasındakı ideyaları və təmas xəttindəki son durumu müzakirə ediblər.
Fransalı həmsədri Stefan Viskonti isə deyib ki, danışıqlar prosesi durğun nöqtədən tərpənib.
"Çərşənbə axşamı Azərbaycan prezidenti Parisdə fransalı həmkarı ilə görüşəcək. ABŞ, Rusiya və Fransa birgə səylərini davam etdirəcək. Əlbəttə, bu, asan məsələ deyil. Bildiyiniz kimi, təmas xəttində gərginlik var. Amma tərəflərin nizamlanma prosesində irəli getməyə istəyi var. Fikrimcə, bu, çox vacibdir”.
"Münaqişə uzun müddətdir davam etsə də, həlli yolları mövcuddur". Bu fikirləri isə keçirdiyi mətbuat konfransında amerikalı həmsədr Riçard Hoqland bildirib. Onun sözlərinə görə, beynəlxalq miqyasda Dağlıq Qarabağ münaqişəsinin postsovet məkanındakı digər münaqişələrdən fərqləndiyi barədə qəbul edilən yanaşma var. Diplomat qeyd edib ki, hər iki tərəf etimadın artırılması variantlarını yenidən nəzərdən keçirməlidir.
"Biz Ermənistan rəhbərliyinin siyasi iradəsini gələn həftə sınaqdan keçirəcəyik. Danışıqlar masasına ən yüksək səviyyədə qayıtmaq lazımdır. 2016-cı ilin aprel hadisələrinin birinci ildönümü cəbhədə yox, danışıqlar masasında qeyd olunmalıdır. Biz hazırda fəaliyyətimizi yüksək səviyyəli görüşün reallaşdırılması istiqamətində cəmləşdirmişik. Uzun illər ərzində Azərbaycan və Ermənistan prezidentləri görüşlər keçiriblər və yenə belə görüşlər təşkil olunmalıdır. Hər üç həmsədr münaqişənin hərbi yolla həllinin mümkün olmadığını düşünür".
Danışıqlar prosesində Rusiyanın daha aktiv iştirakına gəldikdə, amerikalı həmsədr bunun təbii olduğunu deyib. Onun sözlərinə görə, vaxtilə ABŞ dövlət katibi Kolin Pauell prosesdə fəallıq göstərib, sonra isə bu rol Fransaya keçib. R. Hoqland əlavə edib ki, 25 il ərzində danışıqlar nəticəsiz qalsa da, diplomatik fəaliyyətin məqsədi həll üçün müəyyən şəraitin yaradılmasıdır.
OXŞAR XƏBƏRLƏR
"Torqovı"da iaşə obyektləri YANDI - XƏSARƏT ALANLAR VAR
Abel Məhərrəmovun oğlu səfir vəzifəsindən geri çağırıldı
TƏCİLİ: Tərtərdəki dəhşətli hadisə ilə bağlı bir nəfər SAXLANILDI
Rusiyadan Ermənistana Azərbaycan üzərindən YÜK GÖNDƏRİLDİ
10 yeni stansiya tikiləcək – RƏSMİ AÇIQLAMA