Azərbaycanda ictimai yerlərdə siqaret çəkmək qadağan ediləcək

İctimai yerlərdə siqaret çəkilməsi qadağan ediləcək. Milli Məclisin Əmək və sosial siyasət komitəsi və İnsan hüquqları komitələri “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” qanun layihəsini müzakirə edib.  APA TV-nin məlumatına görə, layihə barədə məlumat verən Milli Məclis Aparatının Sosial qanunvericilik şöbəsinin Əmək  qanunvericiliyi sektorunun müdiri Adil Vəliyev bildirib ki, qanun layihəsinə əsasən, səhiyyə müəssisələrində, elm və təhsil müəssisələrində, idman yarışları, konsert və digər kütləvi tədbirlər keçirilən zallarda, ticarət, məişət və digər obyektlərində tütün çəkmək üçün xüsusi ayrılmış yerlər istisna olmaqla tütün çəkilməsinə icazə verilməyəcək.

 

Qanunun tələblərini pozanlar Mülki, İnzibati Xətalar və Cinayət Məcəllələrində nəzərdə tutulmuş hallarda məsuliyyət daşıyır.

 

Eyni zamanda, qanun layihəsinə əsasən tütün satışı, tütün sponsorluğunun reklamı və stimullaşdırılması qadağan edilir.

 

Qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə edilib.    

Müəllif | Apa.Tv

OXŞAR XƏBƏRLƏR