Parlament pensiya yaşının artırılmasını haqqında dəyişiklikləri qəbul edib

Milli Məclis pensiya yaşının artırılmasını nəzərdə tutan dəyişiklikləri qəbul edib. APA TV-nin məlumatına görə, müzakirələr zamanı Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri  Hadı Rəcəbli bildirib ki, layihəyə əsasən, polis və hərbi qulluqçular istisna olmaqla bütün peşələr üzrə pensiyaya çıxmaq üçün tələb olunan iş stajı artırılır. Layihədə dövlət qulluqçuları üçün hazırda qüvvədə olan 15 təqvim ilinin 20 təqvim ilinə, prokurorlar üçün 25 təqvim ilinin 35 ilə, o cümlədən digər peşələr üçün də tələb olunan staj ilinin müvafiq olaraq 5 il qaldırılması öz əksini tapıb.

 

Komitə sədri əlavə edib ki, pensiya yaşında olan vətəndaşlardan bəziləri işləyir və sosial sığorta haqqı ödəyir. Bu dəyişikliklər isə belə şəxslərin işlədiyinə və sosial sığorta haqqı ödədiyinə görə 6 ildən sonra onun pensiyasının yenidən hesablanmasına imkan verəcək. Bu isə o deməkdir ki, dəyişiklik onun pensiya məbləğində artıma səbəb olacaq. 

 

Bundan başqa, dəyişikliklərdən biri vətəndaşın ödədiyi məcburi dövlət sosial siğorta haqqının çox hissəsinin onun fərdi hesabında toplanması ilə bağlıdır:

 

“Bilirsiniz ki, məcburi dövlət sosial sığorta haqqının 22%-ni işəgötürən, 3%-ni isə vətəndaş ödəyir. Vətəndaşın ödədiyi məbləğin 50%-i onun hesabında əks olunurdu, digər 50%-i isə Dövlət Sosial Müdafiə Fondunun sərəncamında qalırdı. Bu ədalətsizlik idi. Bizim təklifimizlə vətəndaşın ödədiyi vəsaitin 50%-i yox, 90%-i onun hesabında toplanacaq. Bu da gələcəkdə onun pensiya məbləğinin yüksək olmasına gətirib çıxaracaq”.

 

Millət vəkili Fazil Mustafa bəzi peşələr üzrə pensiyaya çıxmaq üçün tələb olunan iş stajının kəskin artırılmasının əleyhinə olduğunu bildirib. Pensiyaya çıxmaq üçün tələb olunan iş stajının prokurorlar üçün 25 təqvim ilinin 35 ilə qaldırılmasının düzgün olmadığını deyən millət vəkili əlavə edib ki, bu iş stajı 5 il artırılsa daha yaxşı olar.

 

Millət vəkili Zahid Oruc deyib ki, bu qanunun qəbulundan sonra pensiyaçıların sayı azalacaq. O, ölkədə uzunömürlü insanların sayının əmək qabiliyyətli əhalinin cəmi 6%-ni təşkil etdiyini bildirib. Bu göstərici digər ölkələrdə isə 15-20%-dir.

 

Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İdris İsayev isə məlumat verib ki, qanun layihəsində dəyişikliklərdən biri illik indeksləşdirmə ilə bağlıdır:

 

"Əgər əvvəllər pensiyanın sığorta hissəsi indeksləşdirilirdisə, qanunun qəbulundan sonra bütün pensiya məbləği indeksləşdiriləcək. Bundan başqa, vətəndaşın ödədiyi məbləğ minimum əmək haqqına bərabər olduğu təqdirdə ondan 12 illik staj tələb olunmayacaq".

 

İ. İsayev qeyd edib ki, ölkədə pensiyada olan kişilər orta hesabla 14,4, qadınlar isə 18,5 il yaşayır. Güzəştli şərtlərlə pensiyaya çıxanların pensiya alma müddəti daha çoxdur. Nazir müavini əlavə edib ki, qanuna dəyişikliklər kişilərin pensiya yaşı 4 il ərzində, qadınların pensiya yaşı 10 il ərzində 65-ə çatdırılacaq. Başqa sözlə, qanun layihəsinə əsasən, kişilər üçün pensiya yaş həddi 2021-ci ilə qədər, qadınlar üçün isə 2027-ci ilə qədər pensiya yaşı hər il 6 ay artırılacaq. 

 

Qanun 2017-ci il iyulun 1-dən qüvvəyə minəcək. Bu dəyişikliklər indiyə qədər pensiyaya çıxanlara şamil edilməyəcək.

Müəllif | Apa.Tv

OXŞAR XƏBƏRLƏR