APA TV daha bir ailənin səsini ucaltdı: Balaca Cavid müalicə olunacaq

Daha bir çağırışımız cavabsız qalmadı. APA TV-də yayımlanan “Həyat dramı” verilişinin növbəti buraxılışında Telli Həsənova nəvəsi Cavidin durumu ilə bağlı narahatlığını dilə gətirdi.

Psixoloq Narınc Rüstəmova onun bu narahatlığına biganə qalmadı. O, redaksiyamıza müraciət edərək Cavidə təmənnasız yardım göstərmək istədiyini bildirdi. Biz də Cavidlə bərabər Narınc xanımın yanına yollandıq: "Atasız övladdır və biz də istəyirik əlimizdən gələni edək. Sizin verilişiniz vasitəsilə biz Cavidi tanıdıq. Öncə də bizə müraciət etmişdi. Bir dəfə müayinədə olublar, amma davam edə bilməyiblər, ailə vəziyyətinə görə çox çətindir".

 

Müayinədən sonra məlum olub ki, Cavidin həm nitqində qüsuru, həm də əqli çatışmazlığı var: "Normal intellektual şkala olmalıdır, 90-larda, bizim Cavidimizdə bu 41-dir. Yəni, o 6 yaş səviyyəsindədir. 14-15 yaşında olsa da, düşüncələri 6 yaş səviyyəsindədir. Uşaq üçün oynamaq, ünsiyyət önəmlidir. Təsəvvür edin, yaşıdları 14 yaşındadır, nələr düşünür, nələr hiss edir? Amma o özünü 6 yaşındakı kimi görür və duyur. Təbii ki, bu, onun ünsiyyətinə böyük təsir edir. Kaş ki, daha erkən gələrdilər. 7 yaşına qədər gəlsə idilər, Cavidin yaşıdlarından heç bir fərqi qalmayacaqdı. Maksimum dərəcədə çalışacağıq, hədəfimiz odur ki, heç olmasa, intellekti 9-10 yaşlarına qədər gətirib çıxara bilək".

 

Narınc xanım bildirdi ki, Cavidin durumunda dəyişiklik olub-olmaması 3 ay ərzində bəlli olacaq:  "İlkin mərhələni aşmaq üçün bizə illər lazımdır? Ən azı 1 illik reabilitasiya. Cavidə 3 aylıq sınaq müddəti verəcəyik. Ailənin məsuliyyəti, görülən işin keyfiyyətinə, uşağın verdiyi effektə baxılacaq. Çünki yaş etibarilə gecikmişik. 3 ayın sonundakı nəticə ilə də müalicəyə davam edəcəyik. Ümumiyyətlə, Cavidimizi maksimum dərəcədə insan içinə çıxartmaq lazımdır".

 

Müalicəyə artıq başlanıb. Defektoloq-loqoped Qönçə Ağayevanın seansında iştirak edib, Cavidin durumu ilə maraqlandıq.  Ümid edirik, Cavid reabilitasiya müddətini uğurla başa vuracaq.

Müəllif | Apa.Tv
Nigar Həsənli

OXŞAR XƏBƏRLƏR