Prezident İlham Əliyev Səudiyyə Krallığının dövlət nazirini qəbul etdi
Azərbaycan Respublikasının prezidenti İlham Əliyev martın 10-da Səudiyyə Ərəbistanı Krallığının körfəz məsələləri üzrə dövlət naziri Tamer Al-Sabhanın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
APA TV-nin məlumatına görə, dövlət başçısı Azərbaycan ilə Səudiyyə Ərəbistanı arasında ikitərəfli əlaqələrin çox yaxşı səviyyədə olduğunu vurğulayıb. Səudiyyə Ərəbistanına rəsmi səfərini, göstərilən qonaqpərvərliyi və aparılan söhbətləri məmnunluqla xatırlayan prezident İlham Əliyev bunu dostluğumuzun yaxşı göstəricisi kimi dəyərləndirib. Ölkələrimizin bir çox istiqamətlərdə uğurlu əməkdaşlıq etdiyini bildirən dövlət başçısı bu əməkdaşlığın beynəlxalq təşkilatlar çərçivəsində də yaxşı səviyyədə olduğunu deyib. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və torpaqlarımızın işğal altında olması ilə əlaqədar Səudiyyə Ərəbistanının Ermənistanla heç bir diplomatik əlaqə saxlamadığını vurğulayan prezident qardaşlıq mövqeyi nümayiş etdirdiyinə görə Səudiyyə Ərəbistanına bir daha təşəkkürünü ifadə edib. Siyasi sahədə əlaqələrimizin yüksək səviyyədə olduğunu deyən ölkə başçısı iqtisadi əməkdaşlığa diqqəti artırmağın və xüsusilə qarşılıqlı ticarətin inkişaf etdirilməsinin önəmini vurğulayıb. Bu sahədə yaxşı perspektivlərin olduğunu bildirən dövlətimizin başçısı Səudiyyə Ərəbistanı Krallığının körfəz məsələləri üzrə dövlət naziri Tamer Al-Sabhanın ölkəmizə səfəri çərçivəsində bütün bu və digər məsələlərin müzakirə olunacağına əminliyini ifadə edib.
Dövlət naziri Tamer Al-Sabha İki Müqəddəs Ocağın Xadimi, Səudiyyə Ərəbistanının Kralı Salman bin Əbdüləziz Al Səudun və Səudiyyə Ərəbistanı Krallığının Vəliəhdi Məhəmməd bin Nayif bin Əbdüləziz Al Səudun salamlarını dövlətimizin başçısına çatdırıb. O, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Səudiyyə Ərəbistanı Krallığının mövqeyinin dəyişməz olduğunu deyib. Tamer Al-Sabha ölkəsinin Azərbaycan ilə bütün sahələrdə ikitərəfli və çoxtərəfli əməkdaşlığın inkişaf etdirilməsində maraqlı olduğunu bildirib. O, iki ölkənin rəsmiləri arasında qarşılıqlı səfərlərin ikitərəfli münasibətlərimizin genişləndirilməsi işinə təkan verəcəyini deyib.
Dövlətimizin başçısı Səudiyyə Ərəbistanının Kralı Salman bin Əbdüləziz Al Səudun və Səudiyyə Ərəbistanı Krallığının Vəliəhdi Məhəmməd bin Nayif bin Əbdüləziz Al Səudun salamlarına görə minnətdarlığını bildirib, onun da salamlarını Səudiyyə Ərəbistanının Kralına və Vəliəhdinə çatdırmağı xahiş edib.
OXŞAR XƏBƏRLƏR
"Torqovı"da iaşə obyektləri YANDI - XƏSARƏT ALANLAR VAR
Abel Məhərrəmovun oğlu səfir vəzifəsindən geri çağırıldı
TƏCİLİ: Tərtərdəki dəhşətli hadisə ilə bağlı bir nəfər SAXLANILDI
Rusiyadan Ermənistana Azərbaycan üzərindən YÜK GÖNDƏRİLDİ
10 yeni stansiya tikiləcək – RƏSMİ AÇIQLAMA