Ağdaşda 34 kilometrlik avtomobil yolunun tikintisinə başlanılıb
“Azəravtoyol” ASC Ağdaş rayonu Qolqəti-Dəhnəxəlil-Qoşaqovaq-Ərəbocağ avtomobil yolunun yenidən qurulması işlərinə start verib.
Yenidənqurma işlərinin aparıldığı yolun ümumi uzunluğu 34 kilometrdir. Tikinti işləri çərçivəsində yolun eni mövcud 6-7 metrdən 10 metrə qədər genişləndirilir.
Hazırda ərazidə yol yatağının yararsız qruntu ərazilərdən asılı olaraq qazılaraq çıxarılır, əvəzinə yeni yol yatağının və yol əsasının tikintisi işləri aparılır. Yol əsası hazır olandan sonra yola 2 qat olmaqla 12 sm qalınlığında asfalt-beton örtüyü döşənəcək. Ümumilikdə 200 min m2-dən çox sahənin asfaltlanması nəzərdə tutulur.
“Azəravtoyol” ASC-nin mətbuat katibi Anar Nəcəfli deyib ki, inşa edilən yolun hərəkət hissəsi 6 metr olacaq:
“Layihə çərçivəsində yolun hər bir istiqamət üzrə çiyinlərinin eni 2 metr, hərəkət hissəsi isə 6 metr olacaq. 1 gediş və 1 gəliş olmaqla 2 hərəkət zolağından ibarət olacaq yol 4-cü texniki dərəcəyə uyğun olaraq tikilir.
Bundan başqa, tikinti işləri zamanı avtomobil yolunun altından suların ötürülməsi, əkin sahələrinin suvarılması üçün 120 ədəd müxtəlif diametrli suötürücü boruların quraşdırılması işləri də aparılacaq“.
Qolqəti-Dəhnəxəlil-Qoşaqovaq-Ərəbocağ avtomobil yolunun yenidən qurulması işləri zamanı 1 ədəd avtomobil körpüsünün də əsaslı şəkildə təmir olunması nəzərdə tutulub.
Avtomobil yolunun əsaslı şəkildə bərpası 4 yaşayış məntəqəsinin sakinlərinin gediş-gəlişini xeyli yaxşılaşdıracaq, yük və sərnişin daşıması asanlaşacaq.
Tikinti işləri bitdikdən sonra yolda avtonəqliyyat vasitələrinin hərəkətinin normal təşkili üçün zəruri olan yerlərdə yol nişanları quraşdırılacaq, yolcizgi və yolgöstərici xətlərinin çəkilişi işləri aparılacaq.
Xatırladaq ki, yenidən qurma tikinti işləri texnoloji ardıcıllığa riayət olunmaqla “Azəravtoyol” ASC-nin nəzarəti altında yüksək keyfiyyətlə aparılır. Bunun üçün ərazilərə lazımi sayda canlı qüvvə və texnika cəlb olunub.
OXŞAR XƏBƏRLƏR
"Torqovı"da iaşə obyektləri YANDI - XƏSARƏT ALANLAR VAR
Abel Məhərrəmovun oğlu səfir vəzifəsindən geri çağırıldı
TƏCİLİ: Tərtərdəki dəhşətli hadisə ilə bağlı bir nəfər SAXLANILDI
Rusiyadan Ermənistana Azərbaycan üzərindən YÜK GÖNDƏRİLDİ
10 yeni stansiya tikiləcək – RƏSMİ AÇIQLAMA